BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) noyabrın 11-22-də Bakıda keçiriləcək 29-cu sessiyasının (COP29) konfransının proqramı açıqlanıb.
COP29-un rəsmi vebsaytında yerləşdirilən proqrama görə, COP29 konfransı rəsmi olaraq həm Mavi, həm də Yaşıl Zonalarda keçiriləcək.
Proqram rəsmi danışıqların aparılacağı və qərarların qəbul ediləcəyi Mavi Zonanı və iqlim dəyişmələri ilə bağlı müxtəlif sərgi, seminar və mədəniyyət tədbirlərinin keçiriləcəyi, ictimaiyyətə açıq olan Yaşıl Zonanı əhatə edir.
Mavi Zonada rəsmi danışıqların planlaşdırılması BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) tərəfindən idarə olunsa da, bu zonanın akkreditasiyadan keçmiş iştirakçıları üçün öz tədbir və proqramlarını təqdim edən bir neçə ölkə pavilyonu da mövcuddur.
13-22 noyabrda Azərbaycan pavilyonunda maliyyə, enerji, elm, insan kapitalı və nəqliyyat da daxil olmaqla, həm dövlət, həm də özəl sektorlardan olan bir sıra əsas maraqlı tərəflərin rəhbərliyi ilə tematik günlərdə çoxsaylı sessiyalar keçiriləcək. Həm dövlət, həm də özəl sektorlardan bir sıra maraqlı tərəflər bu sessiyalara rəhbərlik edəcək.
COP29-da ABŞ hökuməti tərəfindən idarə olunan ABŞ Mərkəzi fəaliyyətə başlayıb.
ABŞ Dövlət Departamenti bildirir ki, COP29-da ABŞ Mərkəzi ABŞ-ın iqlim liderliyini nümayiş etdirmək üçün rəsmi tədbir məkanıdır.
“ABŞ Mərkəzində qlobal iqlim fəaliyyəti və həll yollarını məlumatlandıran müxtəlif sektorlar, perspektivlər və təcrübələri özündə əks etdirən çoxsaylı tədbirlər keçiriləcək”, məlumatda qeyd edilir.
Konfrans boyu ABŞ Mərkəzində ABŞ-ın 20-dən çox departamenti, agentliyi və təşkilatından olan yüksək vəzifəli rəsmilər iqlim böhranı ilə mübarizədə ABŞ-ın liderliyini vurğulamaq və 2024-cü ildə güclü danışıqlar nəticələrinə nail olmaq üçün çoxsaylı tədbirlər təşkil edəcək.