HƏMAS və İsrail danışıqlar masasına qayıtmaq üçün "səmimi iradə" nümayiş etdirənə qədər Qətər Qəzza zolağında atəşkəs razılaşmasına vasitəçilik etmək cəhdlərini dayandıracaq. Məsələ ilə bağlı məlumatllı olan rəsmi şənbə günü Reuters agentliyinə məlumat verib. Bu, müharibə başlayandan bəri sülhə nail olmaq səylərində ən ciddi geriləmə olacaq.
Rəsmi həmçinin Qətərin HƏMAS-ın Doha şəhərindəki siyasi qərargahının artıq “məqsədinə xidmət etmədiyi” qənaətinə gəldiyini bildirir. Bu, rəhbərliyi İsrail tərəfindən qətlə yetirilən fələstinli militant qrup üçün bir zərbədir.
Qətər, Birləşmiş Ştatlar və Misirlə yanaşı, Qəzzada bir ildir davam edən müharibəyə atəşkəs üçün vasitəçilik etmək üçün indiyədək nəticəsiz aparılan danışıqlarda böyük rol oynayıb. Oktyabrın ortalarında keçirilən danışıqların sonuncu raundunda HƏMAS-ın qısamüddətli təklifi rədd etməsilə, razılıq əldə edilməyib.
"Qətərlilər münaqişənin başlanğıcından bəri yalnız hər iki tərəf bir həll tapmağa həqiqi maraq nümayiş etdirdikdə vasitəçilik edə biləcəklərini söylədi" deyən rəsmi əlavə etdi ki, Qətər artıq HƏMAS, İsrail və ABŞ administrasiyasını qərarından xəbərdar edib.
ABŞ rəsmisinin cümə günü verdiyi məlumata görə, Vaşinqton Qətərə bildirib ki, Fələstin militant qruplaşması atəşkəs və girovlarla bağlı razılaşmaya nail olmaq üçün son təklifi rədd etdikdən sonra həftələr ərzində HƏMAS-ın Dohada olması artıq məqbul deyil.