Noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək COP29 konfransının tədbir məkanı Bakı Stadioundakı Mavi Zona COP29 Azərbaycan Əməliyyat Şikəti tərəfindən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) rəsmi surətdə təhvil verilib.
Bu barədə COP29-un Media mərkəzi məlumat yayıb.
Məlumatda deyilir ki, Mavi Zona BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) tərəfindən idarə olunan rəsmi konfrans və danışıqlar məkanıdır. COP29 zamanı bütün sessiya, görüş, əlavə tədbir və mətbuat konfransları məhz Mavi Zonada keçiriləcək. Mavi Zonaya yalnız UNFCCC tərəfindən akkreditasiya olunmuş iştirakçılar buraxılacaq.
Mətbuat mərkəzi bildirir ki, Mavi Zonanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) təhvil verməklə, COP29 Azərbaycan Əməliyyat Şirkəti mühüm əməliyyat mərhələsinə yekun vurub.
“Nümayəndə heyətlərinin tədbir məkanında rahatlığının təmin edilməsi üçün burada müvafiq şərait yaradılıb. Mavi Zonada təxminən 39 piyada yoxlama-keçid zolağı, akkreditasiya üçün 35 qeydiyyat masası, müyəssərliklə bağlı üç xüsusi yardım masası, eləcə də 9 əlavə və 5 xüsusi tədbir otağı, habelə nümayəndə heyəti üçün 132 ofis yerləşir. Burada həmçinin nümayəndələr üçün müxtəlif qida və içkilərin təklif olunduğu müxtəlif iaşə sahələri yerləşir”, məlumatda qeyd edilir.
Mətbuat mərkəzi bildirir ki, konfrans zamanı hər gün əsas nəqliyyat qovşaqları ilə Bakı Stadionu arasında konfransın xüsusi marşrut avtobusları işləyəcək.