ResPlatforma: COP29 iştirakçıları Azərbaycanda intensivləşən repressiyaların dayandırılmasını tələb etməlidir

III Respublika Platforması

III Respublika Platforması ("ResPlatforma") Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası üzrə Tərəflər Konfransının (COP) Azərbaycanda keçiriləcək 29-cu sessiyasına (COP29) dair bəyanat yayıb.

Bəyanatda 2023-cü ilin noyabr ayından Azərbaycanda insan hüquqlarının vəziyyətinin kəskin pisləşdiyini və Azərbaycan hökuməti tərəfindən müasir Azərbaycan siyasi tarixində siyasi müxalifətə, müstəqil vətəndaş cəmiyyətinə və tənqidçi media qurumlarına qarşı repressiyaların misli görülməmiş şəkildə intensivləşdiyini, ələlxüsus onlarla siyasətçinin, vətəndaş cəmiyyəti fəalının və jurnalistin siyasi motivli cinayət işləri üzrə əsassız ittihamlarla haqsız yerə həbs olduğunu və həbsdə saxlanıldığını, eləcə də bu insan hüquqları pozuntularının beynəlxalq insan hüquqları təşkilatlarının sənədləşdirildiyini ifadə edilir:

"Azərbaycan siyasi səhnəsinin ilk və yeganə yaşıl gündəliyə malik siyasi təşkilatı olan Platformanın spikeri və lideri Akif Qurbanovun və Platformanın Qurucu Heyət üzvü Ruslan İzzətlinin yuxarıda qeyd edilən siyasi motivli cinayət işləri üzrə 2024-cü ilin mart ayından etibarən haqsız yerə həbsdə saxlanıldığını vurğulayaraq: COP29 iştirakçısı dövlətlər və onların səlahiyyətli nümayəndələrinə və mandatlarına müvafiq olaraq COP29 iştirakçısı beynəlxalq qeyri-hökumət təşkilatları və onların səlahiyyətli nümayəndələrinə aşağıdakı praktik tələblərə dair çağırış edirik".

Platforma "COP29 iştirakçıları iqlim siyasəti ilə insan hüquqlarının ayrılmaz beynəlxalq hüquq öhdəlikləri olduğu çərçivəsini real və praktik mənada qəbul etməli və müvafiq olaraq COP29 çərçivəsində addımlarını bu çərçivədə həyata keçirməlidir" deyə bəyanatda qeyd edir.

"COP29 iştirakçıları Azərbaycanda 2023-cü ilin noyabrından intensivləşən repressiyaları və insan hüquqları vəziyyətinin pisləşməsini birmənalı və ictimai formada qınayaraq Azərbaycan hökumətindən bu repressiyaların dayandırılmasını və insan hüquqlarının vəziyyətinin pisləşməsinin nəticələrinin aradan qaldırılmasını qəti şəkildə tələb etməlidir. COP29 iştirakçıları müvafiq ictimai bəyanatlarında və çıxışlarında repressiya qurbanlarının, o cümlədən Akif Qurbanovun və Ruslan İzzətlinin adlarını çəkərək onların dərhal və qeyd-şərtsiz azad edilməsinə və hüquqlarının tam bərpasına dair çağırış etməlidir", deyə, platforma bəyan edib.

Bəyanatda bildirilir ki, COP29 iştirakçıları haqsız yerə həbs edilən repressiya qurbanlarını, o cümlədən Akif Qurbanov və Ruslan İzzətlini həbs yerlərində ziyarət etməlidir:

"СOP29 iştirakçıları Konfransın başa çatmasından sonra növbəti birillik izləmə dövründə yuxarıda qeyd edilən məsələləri qaldırmağa davam etməlidir".

Hər il fərqli ölkələrin ev sahibliyi etdiyi 29-cu "Tərəflərin Konfransı" (Conference of the Parties) noyabrın 11-dən 22-dək Azərbaycan paytaxtı Bakının Olimpiya stadionunda keçiriləcək.

Bundan əvvəlki tədbir isə COP28 keçən il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutub.

COP29-un bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbir olacağı gözlənilir. Bakıdakı COP29-da əsas mövzularının iqlim dəyişikliyinin təsirinin və iqlim dəyişikliklərinin təsirlərindən zərər görən ölkələr üçün nəzərdə tutulan maliyyələşməsi olacağı açıqlanıb.

Bir sıra beynəlxalq təşkilatlar bəyanatlarında Azərbaycanın COP29-a ev sahibliyi etdiyi dövrdə insan hüquqlarının vəziyyətinə, müstəqil jurnalistlərin həbsinə, eləcə də vətəndaş cəmiyyətinin məhvinə diqqət çəkib.

"Amnesty International" təşkilatı yaydığı sənəddə qeyd edir ki, Azərbaycana COP29-da sədrlik verildiyi andan etibarən müsbət dəyişiklik baş verməyib.

"Əslində, Azərbaycanda insan hüquqları sahəsində ağır vəziyyət 2023-cü ilin dekabrından etibarən daha da pisləşib. Hakimiyyət sammitdə "hamının səsinin eşidilməsini təmin etdiyini" iddia edir, amma bu il onlar ondan çox fəalı və jurnalisti təqib edib və iqlim böhranına qarşı mübarizə aparan əsas şəxsləri susdurub", hesabatda deyilir.

Son bir ildə ölkədə 20-yə yaxın jurnalist, ictimai fəal müxtəlif ittihamlarla həbs olunub.

Onların arasında korrupsiya araşdırmaları ilə tanınan "AbzasMedia"nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), "Toplum TV"nin həmtəsisçisi Ələsgər Məmmədli, kanalın əməkdaşı Müşfiq Cabbar, "III Respublika Platforması"nın spikeri Akif Qurbanov, "meclis.info" saytının rəhbəri İmran Əliyev, "III Respublika Platforması"nın qurucu heyət üzvü Ruslan İzzətli, "Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi"nin rəhbəri Anar Məmmədli və digərləri var.

Onların hamısı ittihamları rədd edir, korrupsiya araşdırmalarına, jurnalist və hüquq müdafiəçisi fəaliyyətlərinə görə saxta ittihamlarla həbs olunduqlarını bəyan edirlər.

Azərbaycan hakimiyyəti isə bir qayda olaraq tənqidi bəyanatlarla razılaşmır və onları qərəzli hesab edir. Eyni zamanda, insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.