Avropa İttifaqı liderləri qitənin təhlükəsizliyi və Rusiyanın Ukraynaya qarşı əsassız müharibəsini müzakirə etmək üçün Budapeştdə qeyri-rəsmi sammit keçirir. Sammit Donald Trampın yenidən prezident seçilməsinin Vaşinqtonun Ukraynaya davamlı dəstəyi və NATO-nun kollektiv müdafiəsinə sadiqliyi ilə bağlı şübhələri artırmasına fonunda keçirilir.
Sammit Rusiyanın üçüncü gündür Ukrayna şəhərlərinə qeyri-adi intensiv hücumlar edərək, daha çox ölüm və tələfata səbəb olması fonunda baş tutur.
Birləşmiş Ştatlar Ukraynanın əsas hərbi və iqtisadi dəstəkçisidir. Həmçinin Aİ də ən böyük donorlar sırasındadır. Aİ liderlərinin əksəriyyəti Ukraynaya davamlı dəstəyini ifadə edib.
Sammit ərəfəsində - həm Rusiya prezidenti Vladimir Putinlə dostluq əlaqələri saxlayan, həm yeni seçilmiş ABŞ Prezidenti Donald Trampın müttəfiqi olan, həm də blokun Moskvaya qarşı sanksiya rejiminə əngəl törədən - Macarıstanın sağçı Baş naziri Viktor Orban Macarıstan dövlət radiosuna bildirib ki, Aİ Ukraynaya yardımla bağlı mövqeyini yenidən nəzərdən keçirməlidir. O münaqişəni "itirilmiş müharibə" adlandırıb.
"Amerikalılar bu müharibədən əl çəkəcəklər, ilk növbədə müharibəni təşviq etməyəcəklər" Orban deyib.
Lakin Ukraynanın Avropada əsas dəstəkçisi olan Almaniyanın kansleri Olaf Şolts blokun dəyişməz mövqeyini bir daha vurğulayıb. "Rusiya Ukraynaya hərbi müdaxilə edib və bu müharibəni dəyişməz qəddarlıqla davam etdirir" deyə o bildirib.
"Bir məsələ tamamilə aydındır: Biz Avropa İttifaqı, avropalılar olaraq birlikdə təhlükəsizliyimiz üçün lazım olanı etməliyik. Hər kəs öz töhfəsini verərsə, bu, xüsusilə uğurlu olar" Şolts əlavə edib.
Budapeştə sammitə qatılan Avropa Şurasının prezidenti Şarl Mişel də blokun Ukraynaya güclü dəstəyini bir daha təsdiqləyib.
"Biz Ukraynanı gücləndirməliyik, Ukraynanı dəstəkləməliyik, çünki Ukraynanı dəstəkləməsək, bu, Putinə, həm də dünyanın bəzi digər avtoritar rejimlərinə göndərdiyimiz yanlış siqnal olacaq" Mişel deyib.
Noyabrın 7-də Aİ sammitindən əvvəl Avropa liderlərinin toplantısı üçün Budapeştdə olan Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın müttəfiqlərini Kyivə quruda və səmada müdafiə olunmaq üçün daha çox silah verməyə çağırıb.
"[Rusiya prezidenti Vladimir] Putinə boyun əymək, geri çəkilmək, bəzi güzəştlərə getmək zərurəti barədə çox danışılıb. Bu, Ukrayna üçün qəbuledilməzdir və bütün Avropa üçün intihardır" deyə Zelenski çıxışında bildirib.
O, həmçinin bildirib ki, Ukrayna üçün təhlükəsizlik zəmanətləri razılaşdırılmadan atəşkəs rejiminin tətbiqi barədə söhbətlər "çox təhlükəlidir".
"Təhlükəsizlik zəmanəti olmadığı halda atəşkəs... hərbi müdaxilənin davam etdirilməsinə hazırlıqdır" Zelenski bildirib.