Ərdoğan Trampı qələbəsi münasibətilə təbrik edib

Your browser doesn’t support HTML5

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Donald Trampı ABŞ prezident seçkisində qələbəsi münasibətilə təbrik edib. Türkiyə lideri Trampın vəzifədəki ilk müddətində Ağ Evlə yaxın və birbaşa olan, Prezident Co Baydenin hakimiyyətə gəlməsindən sonra isə kəskin şəkildə dəyişən münasibətləri bərpa etmək istəyir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü X-də yazdığı mesajda Donald Trampı seçkidə əldə etdiyi qələbə münasibətilə təbrik edərək, onu “dost” adlandırıb.

Təhlilçilər deyir ki, Ərdoğan Trampla yaxın əlaqələrini yenidən qurmağa və iki ölkə arasında münasibətləri xarici işlər nazirləri səviyyəsində saxlayan Prezident Co Baydenlə soyuq münasibətlərini geridə qoymağa çalışacaq.

“Tramp administrasiyası dövründə müşahidə etdiyimiz çox güclü, liderlər arası bir münasibətdir. Doğru xatırlayıramsa, Prezident Tramp və Prezident Ərdoğan doqquz dəfə üz-üzə görüşüb. Əlbəttə ki, dövlət səfəri də, Ağ Evdə qəbul da olub. Amma Bayden prezidentliyi dövründə iki lider yalnız iki dəfə üz-üzə görüşüb,” Almaniya Marşal Fondundan Özgür Ünlühisarcıklı deyir.

Ərdoğan Baydenin İsrailə hərbi dəstəyini və İsrailin HƏMAS və Hizbullaha qarşı müharibələrinə son qoymaq üçün çox səy göstərməməsini tənqid edir.

Tramp seçki kampaniyası zamanı İsraili dəstəkləməyə söz verib, amma Ərdoğan öz təbrik mesajında Tramın münaqişəyə son qoyacağına dair ümidini ifadə edib.

Onun bu ümidi İstanbulun mərkəzindəki Kadıköy rayonunda da əks olunub. Belə ki, bəzi sakinlər deyir ki, onlar Tramp prezidentliyinin sülh gətrəcəyinə və Türkiyənin xeyrinə olacağına ümid bəsləyir.

“Trampın mənim prezidentim Ərdoğanla münasibətləri çox yaxşıdır. Düşünürəm ki, bəlkə də bu, Türkiyə üçün yaxşıdır,” İstanbul sakini Ali Kemal deyir.

“Ümid edirəm ki, Trampın qələbəsi bütün dünya üçün xeyirli fürsət olacaq. Mən ona müvəffəqiyyət arzu edirəm. Ümid edirəm ki, o, bu qırğına son qoyar və İsraili yerində sabit tutacaq. Sülh və qardaşlıq olar. İstər müsəlman, istər yəhudi olsun, hamı öz ərazisində, öz torpağına qalmalıdır,” İstanbul sakini Mehmet deyir.

Bununla yanaşı Trampın ikinci müddət prezidentliyinin bütün dünyaya təsirlərindən narahat olanlar da var.

“Məncə onun işləri idarə etmə şəkli dünya üçün yaxşı olmayacaq,” İstanbul sakini Aytac deyir.

Trampla Ərdoğanın siyasəti arasında böyük fərqlər var: Ən böyük ziddiyət Türkiyə liderinin HƏMAS-a dəstəyidir.

Ancaq təhlilçilər deyir ki, Ərdoğan Trampın yeni prezidentlik müddətini bu və başqa zidiyyətlərin həll edilə biləcəyi üz-üzə danışıqlar üçün yeni fürsət olaraq görür.