Ukrayna rəsmiləri cümə günü bildiriblər ki, Rusiya bir gecədə Ukraynaya pilotsuz təyyarələr və raket zərbələri endirib, nəticədə ölkənin mərkəz, cənub və şimal-şərqində bir mülki şəxs ölüb, 30-dan çox insan yaralanıb.
Ukrayna Hərbi Hava Qüvvələri bildirib ki, Rusiya qüvvələri Ukraynanın 12 bölgəsinə 92 dron və beş raket atıb.
Altmış iki pilotsuz təyyarə və dörd raketin vurulduğu və 26 pilotsuz təyyarənin "itdiyi", yəni, çox güman ki, elektron şəkildə qarşısı alındığı bildirilib.
Daxili İşlər Nazirliyi mülki infrastrukturun və evlərin zədələndiyi Odesa vilayətində 1 nəfərin öldüyünü, 9 nəfərin yaralandığını bildirib.
Nazirlik bildirib ki, Kyiv bölgəsinə dron hücumu nəticəsində 4 nəfər yaralanıb, azı 6 fərdi ev və bir neçə avtomobilə ziyan dəyib.
Qubernator Oleh Sinehubov bildirib ki, Rusiya həmçinin şimal-şərqdə yerləşən Xarkiv şəhərini idarə olunan bombalarla vurub, ən azı 25 nəfər yaralanıb.
Prezident Volodimir Zelenski Kyivin tərəfdaşlarına hava hücumundan müdafiəni gücləndirməyə kömək etmək üçün yeni müraciət edib.
“Hava hücumundan müdafiə, uzaq mənzilli imkanlar, silah paketləri, təcavüzkara qarşı sanksiyalar – bu, təkcə sözdə deyil, həm də əməldə lazım olan cavabdır”, o, Teleqram tətbiqində yazıb.
Rusiya Ukraynanın şəhər və qəsəbələrinə hava hücumlarını gücləndirərək, demək olar ki, hər gecə çox sayda dron atır.
Ukrayna rəsmiləri deyirlər ki, Rusiya Ukraynanın hava hücumundan müdafiəsini genişləndirməyə və müharibənin 1000-ci gününə yaxınlaşdığı, həmçinin Moskva qoşunlarının şərqdə irəlilədiyi bir vaxtda dinc əhalini ruhdan salmağa çalışır.
Ukrayna ordusu bildirib ki, Rusiya oktyabr ayında mülki və hərbi obyektlərə 2000-dən çox dron hücumu həyata keçirib.