Noyabrın 7-də Bakının Xətai Rayon Məhkəməsində “Abzas Media” -nın direktoru Ülvi Həsənlinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
Vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə bildirib ki, dinləmələr iş gününün sonunda baş tutub və yerli vaxtla saat 19.15-də başlayıb.
Buna səbəb Ülvi Həsənlinin prosesə onlayn qoşulmaqdan imtina etməsi olub.
O, məhkəmədə şəxsi iştirakında israr edib.
Eyni zamanda, məhkəmə bu barədə Ülvi Həsənlinin vəkilinə məlumat verməyib və o, prosesə gələ bilməyib və onlayn rejimdə iştirak edib.
“Təqsirləndirilən prosesdə şəxsən iştirak etməlidir, çünki vəsatət təmin olunarsa, o, dərhal azadlığa buraxılmalıdır. Bu o deməkdir ki, məhkəmə təqsirləndirilən şəxsin iştirakını təmin etmədən artıq vəsatətin təmin edilməməsi barədə qərar çıxarır”, - Sadıqova bildirib.
O qeyd edib ki, son vaxtlar, ümumiyyətlə, “Abzas Media” işi üzrə həbs olunanlar məhkəməyə gətirilmir.
Ev dustaqlığına buraxılması barədə vəsatətə gəlincə, bu, istintaqın artıq yekunlaşması, vəkilin və Həsənlinin özünün iş materialları ilə tanış olması ilə əsaslandırılıb.
Sonda məhkəmə vəsatəti rədd edib.
Müdafiə tərəfi qərardan apellyasiya şikayəti verəcəyini bildirib.
"Abzas Media" işi ilə bağlı nə baş verib?
"Abzas Media" ilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli ötən ilin noyabrın 20-də həbs olunub. İstintaqın həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilib.
Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı həbs olunub. Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.
Mayın 30-da isə "Abzas Media" işi üzrə iqtisadçı Fərid Mehralızadə saxlanılıb. İyunun 1-də Xətai Rayon Məhkəməsi iqtisadçı barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. Mehralızadə məhkəmədə təqsiri olmadığını və "Abzas Media" ilə heç bir işgüzar fəaliyyətinin olmadığını deyib.
Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib.
Bu ilin avqust ayında isə "Abzas Media işi" üzrə həbs olunanlara qarşı 7 maddə ilə əlavə ittihamlar irəli sürülüb. Onlar Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci, 206.4-cü, 320.1-ci və 320.2-ci, 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) maddələri ilə ittiham olunurlar.
Sentyabrın 9-da "Abzas Media işi" üzrə həbsdə olan şəxslərin ibtidai istintaqının yekunlaşdırıldığı bildirilir.
"İndi bütün təqsirləndirilən şəxslər və onların vəkilləri ayrı-ayrılıqda istintaq materialları ilə tanış olacaq. Daha sonra iş baxılması üçün məhkəməyə göndəriləcək", vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib.
Həmin iş üzrə bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib, daha sonra sərbəst buraxılıblar.
Həbs olunanların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu deyir.
Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.
Azərbaycan hakimiyyəti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.