Müsavat Partiyasının Məclisinin sədri Arif Hacılı Amerikanın Səsinə müsahibəsində Azərbaycanda bələdiyyə seçkiləri və bələdiyyələrin idarəetmədə rolundan danışıb.
Amerikanın Səsi: Müsavat Partiyası bələdiyyə seçkilərinin elan edilməməsini ciddi qanun pozuntusu hesab edir. Partiyanız qanun pozuntusu iddialarını məhkəmədə mübahisələndirmək fikrindədir?
Your browser doesn’t support HTML5
Arif Hacılı: Əslində bələdiyyə seçkilərinin keçirilməsi ilə əlaqədar qərarın verilməməsinin ümumiyyətlə bir izahı yoxdur. Çünki “Seçki Məcəlləsi”nin 213-cü maddəsinə görə, Mərkəzi Seçki Komissiyası ən geci oktyabrın sonlarında artıq bələdiyyə seçkilərini təyin etməli idi. Çünki bələdiyyə seçkiləri beş ildən bir keçirilir. Bələdiyələrin səlahiyyət müddəti dekabrın 23-də başa çatır. Bələdiyyə seçkiləri bələdiyyələrin səlahiyyət müddətlərinin başa çatmasına 60 gün qalmış elan olunmalıdırsa, bunlar edilmirsə deməli bu qanun pozuntusu, konstitusiya pozuntusudur. Azərbaycan məhkəmələrinə biz bir çox məsələlərlə bağlı müraciət edirik. Ancaq Azərbaycan məhkəmələri təəssüf ki, azad olmadığı üçün siyasi sifarişlə qərar qəbul edirlər. Ona görə məhkəməyə müracət edilib-edilməməsi partiyada müzakirə mərhələsindədir. Bu məsələ barədə hələlik qəti qərarımız yoxdur.
Amerikanın Səsi: Bununla yanaşı Mərkəzi Seçki Komissiyası (MSK) bələdiyyə seçkilərinin yanvarın 25-də keçiriləcəyini bildirib. Eyni zamanda bununla bağlı hələ Mərkəzi Seçki Komissiyasının qərarı yoxdur. Bu məlumata münasibətiniz necədir?
Arif Hacılı: Yəni bu məsələlər hər hansı bir qurumun səlahiyyətində olan məsələ deyil. Bu məsələ qanunla tənzimlənir. MSK nə vaxt istəyirsə o vaxt seçkiləri təyin edə bilməz. Bələdiyyə seçkilərinin təyin edilməsi səlahiyyəti MSK-dadırsa bu o demək deyil ki, onlar qanunda nəzərdə tutulan müddətləri buraxaraq, bələdiyyə seçkilərini təyin etmək hüququna malikdirlər. Onlar bələdiyyə seçkilərinin ertələnməsinin və bələdiyyələrin səlahiyyətləri bitdikdən bir ay sonra yeni bələdiyyələrin formalaşmasının səbəblərini Azərbaycan cəmiyyətinə izah etməlidirlər. Bu məsələləri hüquqi yolla, qanuni yolla tənzimləməsinə nail olmalıdırlar. Yalnız bundan sonra onlar bələdiyyə seçkilərinin təxirə salınması ilə əlaqədar öz fikirlərini bildirə, bu müddəti təyin edə bilərlər. Ancaq öz mülahizələrinə əsasən heç bir izahat vermədən seçkilərin qanunda nəzərdə tutulduğu müddətdə yox, başqa bir müddətdə təyin olunması təbii ki, qanun pozuntusudur.
Amerikanın Səsi: Sizcə bələdiyyə seçkiləri ölkədə seçki sisteminə hansısa yeniliklər gətirə bilərmi? Müsavat Partiyası seçki sistemində hansı islahatlara ehtiyac duyur?
Doğurdan da Azərbaycan bələdiyyələri anoloqsuz bələdiyyələrdir. Çünki heç bir səlahiyyətə malik deyillər. Yerli özünüidarəetmə funksiyalarını həyata keçirmirlər.
Arif Hacılı: Ümumiyyətlə Azərbaycan seçki sistemi təəssüf ki, qanunda zaman-zaman edilən dəyişikliklərlə xeyli dərəcədə mürtəceləşdirilib. Hətta 2000-ci illərin əvvəllərində Azərbaycanda istər parlament, istər prezident seçkilərində müəyyən pozitiv cəhətlər var idi. Az da olsa, yetərli olmasa da pulsuz efir vaxtı var idi. Seçki kampaniyasına vaxt ayrılırdı. Seçki təşviqat kampaniyası aparılması üçün, təbliğat aparılması üçün iki ay vaxt ayrılırdı. Müəyyən, az da olsa seçkidə iştirak edən siyasi qüvvələrə, namizədlərə dövlət büdcəsindən müəyyən miqdarda vəsait ödənilirdi. Bütün bu müddəalar zaman-zaman dəyişdirildi. Mən hesab edirəm ki, ən ciddi pozuntu və seçkilərin etimadsızlığını şərtləndirən əsas cəhətlərindən biri, seçki komissiyalarında iddiaçı tərəflərin nümayəndələrinin olmamasıdır. Biz təklif etmişdik ki, seçki komissiyaları paritet əsaslarla yaradılsın. Bizim bu təklifimiz Avropa Şurasının Venesiya Komissiyası tərəfindən dəstəklənmişdi. Bu məsələlər ətrafında biz 1998-ci ildə, sonrakı illərdə Azərbaycan hakimiyyəti ilə müəyyən müzakirələr də aparmışdıq. Ancaq təəssüf ki, nəinki bu həyata keçirilmədi, əksinə müxalifətin, iddiaçı tərəflərin nümayəndələrinin seçki komissyalarında təmsilçiyi belə ləğv edildi, təbii ki, bu cür keçirilən seçkilərin nəticələri etibarlı hesab edilə bilməz.
Amerikanın Səsi: Bələdiyyələr yerli idarəetmə sistemində icra strukturlarına alternativ kmi rol oynaya bilirmi? Ümumiyyətlə bələdiyyələrin yerli idarətetmədə rolu nədən ibarətdir?
Arif Hacılı: Belə bir fikir var, tez-tez işlənilirdi ki, Azərbaycanda anoloqsuz işlər görülür, inkişaf var. Doğurdan da Azərbaycan bələdiyyələri anoloqsuz bələdiyyələrdir. Çünki heç bir səlahiyyətə malik deyillər. Yerli özünüidarəetmə funksiyalarını həyata keçirmirlər. Hətta bələdiyyələrin yerli istehsaldan, ticarətdən, maliyyə mübadiləsindən, hər hansı vergilər almaq səlahiyyəti, hüquqları yoxdur. Faktiki olaraq yerli özünüidarəetmə funksiyalarını daşıyan seçkili orqanlar mövcud deyil. Bunlar prezident tərəfindən təyin edilən icra hakimiyyətləri başçılarına verilib. Dövlətin əsasını təşkil edən idarəçilik sistemi, xalqın, dövlətin idarəçiliyində iştirakının əsas strukturu məhz bələdiyyələr olmalıdır. Nə qədər ki, Azərbaycanda yerli özünüidarəetmə sistemi mövcud deyil Azərbaycanda demokrtik inkişaf ola bilməz.
Amerikanın Səsi: Müsavat Partiyası bələdiyyə seçkilərində iştirak edəcək?
Arif Hacılı: Bu məsələ partiya strukturlarında müzakirə olunur. Bilirsiniz ki, Müsavat Partiyası bir qayda olaraq seçkilərdə iştirak edən siyasi partiyadır. Biz hesab edirik ki, xüsusilə indiki siyasi şəraitdə seçkilərin boykot edilməsi bir çox hallarda cəmiyyətin maraqlarına cavab vermir. Müsavat Partiyası strukturlarında müəyyən sorğu keçirmişik. Müəyyən müzakirələr aparmışıq. Seçkidə iştirakın tərəfdarları da, əleyhedarları da var. Yəqin ki, seçkilər elan olunduqdan sonra, bu müzakirələrə yenidən qayıdacağıq. Müzakirələrin yekununda partiyanın nizamnaməsinə görə, partiyanın məclisi və ya məclisin səlahiyyət verdiyi hər hansı qurum seçkilərdə iştirak etmək və ya etməmək barədə qərar qəbul edəcək. O qərara uyğun öz fəaliyyətimizi quracağıq.
Qeyd: Azərbaycan hakimiyyəti və Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin təyin edilməməsinin səbəbləri ilə bağlı hələ açıqlama verməyib. MSK yalnız seçkilərin yanvarın 25-nə təyin edəcəyini bildirib.
MSK bir qayda olaraq ölkədə seçkilərin azad və demokratik şəraitdə keçirldiyini bildirir. Bununla yanaşı, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqlaır Bürosunun müşahidə missiyaları indiyədək Azərbaycanda keçirilən seşkilərin heç birinin ATƏT standartlarına uyğun olmadığını bəyan edib.