Dünya liderləri keçmiş prezident, Respublikaçılar Partiyasından namizəd Donald Trampı 2024-cü il ABŞ prezident seçkilərində qələbəsi münasibətilə təbrik ediblər. Ekspertlər Birləşmiş Ştatların yeni administrasiyasının Yaxın Şərqdə münaqişə və Ukraynada müharibə kimi qlobal səviyyədə sınaqlarla üzləşəcəyini bildirirlər. ABŞ-ın yeni prezidenti seçilmiş Donald Tramp seçki kampaniyası zamanı heç bir konkret plan təklif etmədən müharibələrə son qoyacağına söz vermişdi. O, seçildiyi halda, vəzifəsinin icrasına rəsmən başlamazdan əvvəl Rusiyanın Ukraynada 33 aydır apardığı müharibəyə son qoyacağını bildirmişdi. İsrail mediası isə Trampın İsrailin baş naziri Benyamin Netanyahuya vəzifəyə başlamazdan əvvəl Qəzzada HƏMAS militantlarına qarşı 13 aydır davam edən müharibəyə son qoyması üçün təzyiq göstərdiyini yazıb. Bununla belə, münaqişələrin sona çatacağına dair hələlik heç bir işarə yoxdur. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç Amerikanın Səsinə müsahibədə yeni Tramp administrasiyasının xarici siyasət kursu, Yaxın Şərq və Ukraynada münaqişələrlə bağlı siyasətindən gözləntilər, eləcə də Cənubi Qafqaz regionunda mümkün prioritetləri haqda danışıb.
Amerikanın Səsi: Dünya liderləri Donald Trampı prezident seçkilərində qələbəsi münasibətilə təbrik ediblər. Avropalı müttəfiqləri təbriklərini çatdrııblar, lakin ikinci Tramp administrasiyasının Transatlantik əlaqələr üçün hansı təsirləri ola bilməsi ilə bağlı narahatlıqlar mövcuddur. Sizin fikrinizcə, ikinci Tramp administrasiyasının əsas xarici siyasət prioritetləri nədən ibarət olacaq?
Riçard Kazlariç: Bu fundamental suala diqqət yetirdiyiniz üçün məmnunam, çünki bu mənim də üzərində düşündüyüm suallardan biridir. Mən ilk olaraq bunu deyərək başlamaq istəyirəm ki, prezident Trampın vəzifəsinin icrasına başladığı vaxt nəyin baş verəcəyini proqnozlaşdırmağa çalışmaq üçün hələ çox tezdir.
Lakin mənim fikrimcə, bir neçə məsələnin Avropa müttəfiqləri üçün, ümumilikdə müttəfiqlər üçün olduqca mühüm olacağını deyə bilərik. Hesab edirəm ki, bunlardan birincisi ABŞ və NATO müttəfiqlərinin Ukraynaya Rusiyanın təcvüzünə qarşı mübarizədə verdiyi dəstəklə bağlı məsələ olacaq. Bilirəm ki, bu mövzu haqqında çox danışılıb, amma məncə, prezident seçilmiş Trampın prezident olmasını gözləməliyik.
Biz prezident Trampın əsas baş məsləhətçilərinin, dövlət katibi, müdafiə nazirinin kim olacağını bilmirik. Bununla belə, əminliklə deyə bilərik ki, ABŞ-ın Ukrayna ilə bağlı siyasətində dəyişikliklər olacaq. Amma bu dəyişikliklərin nədən ibarət olacağını indiki mərhələdə dəqiq söyləyə bilmərik.
Hesab edirəm ki, diqqət yetirilməli olan ikinci mühüm məsələ Yaxın Şərqdə İsrail və İranın iştirak etdiyi belə görünür, genişlənməkdə olan müharibədir. Fikrimcə, Tramp seçki kampaniyası müddətində İsrailə dəstəyini çox açıq şəkildə ifadə edib. Düşünürəm ki, İrana Yaxın Şərqin müxtəlif yerlərində proksi qüvvələrinə davam edən dəstəyini və İsrailə qarşı hücumlarını dayandırması barədə mesaj göndərmək üçün erkən mərhələdə müəyyən səylər göstəriləcək.
Beləliklə də, mən bunların yeni Tramp administrasiyasının gündəmində iki əsas konkret məsələ olacağını düşünürəm.
Amerikanın Səsi: İsrailin baş naziri Benyamin Netanyahu və Ukrayna prezidenti Volodimir Zelenski təbriklərini çatdıran ilk liderlər arasında olublar. Netanyahu bildirib ki, onun ifadəsi ilə Trampın tarixi qayıdışı İsrail və Amerika arasında davamlı ittifaqa güclü sadiqliyi ifadə edir. Prezident Zelenski Trampın beynəlxalq məsələlərdə güc vasitəsilə sülhə sadiqliyi adlandırdığı cəhəti müsbət qiymətləndirib. Ukrayna və Yaxın Şərqdə münaqişələrlə bağlı yeni administrasiya hansı siyasəti həyata keçirə bilər?
Riçard Kazlariç: Yenə də bu barədə spekulyasiya etmək istəmirəm, çünki bunu söyləmək həqiqətən tezdir. Düşünürəm ki, hər iki münaqişə ilə bağlı dəyişikliklər olacaq. Bayden administrasiyasının Ukraynaya xüsusilə də hərbi yardım sahəsində göstədiyi dəstəyin sadəcə olaraq indiyə qədər olduğu kimi güclü şəkildə davam edəcəyini düşünmürəm.
Trampın Putinlə münasibətini nəzərə alsaq, prezident Tramp və Putin arasında Ukrayna ilə bağlı erkən təmaslar mümkündür. Amma dediyim kimi, bu haqda nəsə söyləmək hələ tezdir.
Mənim fikrimcə, Bayden administrasiyasının ABŞ-ın İsrailə yardımına qoymağa çalışdığı məhdudiyyətlərin aradan qaldırılması nəzərə alınmaqla, İsrailə dəstək müəyyən mənada eyni olacaq.
Düşünürəm ki, Trampın İsrailə və onun bölgədə etmək istədiyi hər şeyə daha çox dəstək verdiyini görəcəksiniz.
Amerikanın Səsi: Siz Yaxın Şərqdə münaqişə və Ukraynada müharibəni qeyd etdiniz. Sizcə, ikinci Tramp administrasiyasının İranla bağlı siyasəti nə olacaq?
Riçard Kazlariç: Düşünürəm ki, İranın artıq mövcud olduğundan daha çox müdaxiləsinin qarşısını almağa çalışmaq baxımından çox aqressiv [siyasət] olacaq.
Buna görə də mən İranla artıq arxa planda olan nüvə sazişi məsələsində heç bir irəliləyiş gözləməzdim. Bu indi daha arxa plandadır. Dediyim kimi, İranla bağlı və İranın son həftələrdə İsrailə hücumlarına qarşı atılan addımlar baxımından İsrailə dəstək əlamətləri olacağını düşünürəm. Buna görə də mən ABŞ tərəfindən İran və [İranın] terrorizmə dəstəyi ilə bağlı daha aqressiv siyasət yürüdülməsini gözləyərdim.
Amerikanın Səsi: Cənubi Qafqaz regionuna toxunmaq istəyirəm. Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında sülh prosesinə sadiqliyini bir daha vurğulayıb. Dövlət katibi Blinken həmkarları ilə bir neçə üçtərəfli və ikitərəfli görüşlər keçirib. Sizin fikrinizcə, Tramp administrasiyası Cənubi Qafqaz regionu ilə strateji baxımdan necə qarşılıqlı fəaliyyət göstərəcək?
Riçard Kazlariç: Mən Ermənistan və Azərbaycan arasında sülh prosesi baxımından dövlət katibi Blinkenin və prezident Baydenin nümayiş etdirdiyindən daha az birbaşa iştirak gözləyirəm. Hesab edirəm ki, Vaşinqtonun ümidi ondan ibarətdir ki, tezliklə sülh sazişi əldə olunacaq. Lakin Tramp administrasiyasına keçidə qədər razılaşma əldə olunmasa, Tramp administrasiyasının Ermənistan-Azərbaycan sülh prosesində Bayden administrasiyası qədər fəal rol oynayacağını düşünmürəm. Fikrimcə, İranın Cənubi Qafqaz ölkələri ilə münasibətlərinə daha çox diqqət yetiriləcək və bu, ABŞ-ın regionda iştirakını formalaşdıra bilər. Bunun Tramp administrasiyası dövründə ABŞ üçün əsas prioritet olacağını düşünürəm.
Amerikanın Səsi: ABŞ-ın regionda əsas prioritetlərindən biri enerji layihələrinin dəstəklənməsidir. Bakı-Tbilisi-Gürcüstan layihəsi bunun bariz nümunəsi olaraq göstərilir. Son zamanlar Vaşinqton tərəfindən Orta dəhlizə dəstəyin artdığı müşahidə edilir. Sizcə, bu layihənin ABŞ-ın yeni administrasiyası dövründə həyata keçirilməsi potensialı nə qədərdir?
Riçard Kazlariç: Düşünürəm ki, Bayden və Trump administrasiyaları arasında dəyişiklik kimi aydın olan bir məsələ bərpa olunan enerji mənbələrinə keçidin gələcəyinə daha az diqqət yetiriləcəyi ilə bağlı olacaq.
Tramp ABŞ-ın neft və qaz sahələrinin inkişafına dəstəyin Birləşmiş Ştatlarda mühüm prioritet olacağına inandığını açıq şəkildə bildirib. Buna görə də mən Xəzər regionunda daha çox enerji, neft və qaz hasilatı olacağını ehtimal edə bilərəm. Bu, ABŞ-ın dəstəkləyəcəyi bir şey olardı. Fikrimcə, Orta dəhliz maraqlı və mühüm bir məsələdir, çünki ABŞ və Avropa İttifaqının əsas ideyası Çinin “Bir Kəmər Bir Yol” təşəbbüsünə altenativ olaraq Orta dəhlizi dəstəkləməkdən ibarət idi.
Mən Trump administrasiyasının bunu yenə də Bayden administrasiyasından daha az aqressiv şəkildə dəstəkləməyə davam edəcəyini təxmin edirəm. Amma düşünürəm ki, Tramp administrasiyası Orta Dəhlizi Orta Asiya və Cənubi Qafqaz ölkələrinin Rusiya və Çindən asılı olmayaraq öz müstəqil nəqliyyat marşrutlarına malik olması imkanlarına necə təsir edəcəyi baxımından nəzərdən keçirəcək.