Prezident seçilən Donald Trampın uzun müddətdir siyasi rəqibi olan ABŞ Prezidenti Co Bayden cümə axşamı Trampın bu həftə əldə etdiyi qələbəsinin “ədalətli” və “şəffaf” olduğunu və yanvarın 20-də hakimiyyətin dinc yolla ötürüləcəyini elan etdi.
Ağ Evdə onlarla yardımçısı önündə çıxış edən Bayden Trampın onun Vitse-prezidenti Kamala Harrisi məğlub etdiyini qəbul etdiyini bildirdi.
“Xalqın iradəsi həmişə qalib gəlir,” Bayden dedi. "Dəfələrlə dediyim kimi, ölkəni yalnız qalib gələndə sevə bilməzsən. Qonşunu da yalnız razılaşdığınız zaman sevə bilməzsən,” o əlavə etdi.
Əlli ildir Demokrat siyasi xadim olan Bayden, vitse-prezidentinin kampaniyasını "ruhlandırıcı" kimi qiymətləndirdi və onun bu kampaniyaya "ürəyini qoyduğunu" söylədi.
“Biz bu mübarizədə məğlub olduq. Uğursuzluqlar qaçılmazdır, amma təslim olmaq bağışlanmazdır. Biz yaxşı olacağıq, amma davam etməliyik. Və hər şeydən öncə, inamımızı qoruyub saxlamalıyıq,” Bayden dedi.
Bayden ABŞ lideri vəzifəsindəki müddətini gələcək illərdə də “insanların həyatını dəyişdirəcək tarixi prezidentlik” kimi təsvir etdi, xüsusilə də prezidentliyinin ilk iki ili ərzində Konqresin təsdiq etməsi üçün təzyiq göstərdiyi ölkə daxilindəki infrastrukturun yaxşlılaşdırılması baxımından.
2020-ci il seçkisində qalib gələrək, Trampın vəzifədən getməsinə səbəb olan Bayden yeddi dəqiqəlik çıxışında dedi ki, o, Respublikaçı siyasi rəqibi və indi də xələfi olacaq Trampa “dünyanın ən güclü iqtisadiyyatını” miras qoyur.
İqtisadi göstəricilər onun bu qiymətləndirməsini dəstəkləsə də, seçicilər arasında aparılan exit-poll nəticələri göstərdi ki, Tramp tərəfdarları Bayden və Harrisin dünyanın ən böyük iqtisadiyyatı olan Amerika iqtisadiyyatını idarə etmələrini əhəmiyyətli dərəcədə bəyənmirlər, çünki onların vəzifə müddətində artan istehlak qiymətləri məişət büdcələrini kəskin şəkildə azaldıb.
Tramp kampaniyasında söz verib ki, o, inflasiyanı azaldacaq, amma bunu necə edəcəyini deməyib. O, qarşıdan gələn administrasiyasında yeni vergi kəsirləri vəd edib ki, bu, istehlakçıların cibində, xüsusilədə ən zəngin insanların və korporasiyaların xəzinələrində daha çox pulun qalmasına gətirib çıxaracaq, amma eyni zamanda ölkənin artıq 36 trilyon dollara yaxın olan uzunmüddətli milli borcunu şişirdə bilər.
Bayden çərşənbə günü Trampa zəng edərək, onu təbrik edib və hakimiyyətin ötürülməsini müzakirə etmək üçün yaxında Ağ Evə dəvət edib.
Milli Kəşfiyyat Direktorunun Ofisi cümə axşamı bildirib ki, Tramp ABŞ-ın kəşfiyyat məlumatlarını istəsə, onlar ona veriləcək. İdarənin sözçüsü deyib ki, agentlik “1952-ci ildən bəri mövcud olan və seçilmiş prezidentə kəşfiyyat brifinqlərini vermək ənənəsinə uyğun hərəkət edir.” Lakin Trampın belə bir tələb irəli sürüb-sürmədiyi bəlli deyil.
Bu arada isə Tramp Ağ Evin yeni administrasiyasında əsas vəzifələrə təyinatları nəzərdən keçirir və bir neçə gün ərzində bəzi seçimləri elan edə bilər.
O, Florida ştatındakı Mar-a-Laqo iqamətgahında öz köməkçiləri ilə bir araya gəlib, seçimlərini müzakirə edib.