Donald Trampın 2024-cü il ABŞ prezident seçkisinin qalibi olduğu proqnozlaşdırılması fonunda, Amerikanın Səsinin müxbiri Tina Trin onun keçmişdə yürütdüyü siyasət və hazıda tutduğu mövqelərin gələcək prezidentliyinə necə baxış təqdim etdiyinə nəzər salır.
ABŞ-ın sabiq prezidenti 78 yaşlı Donald Tramp yenidən Birləşmiş Ştatların prezidenti olacaq.
1800-ci illərdə Qrover Klivlendin olduğu kimi Tramp da ABŞ-ın 45 və 47-ci prezidenti kimi ard-arda olmayan iki müddətdə prezident vəzifəsini icra edəcək.
Trampın ikinci prezidentliyinin necə keçəcəyini anlamaq üçün, onun vəzifədəki ilk müddətinə və təşviqat kampaniyası zamanı səsləndirdiyi iddialara nəzər salmaq kömək edə bilər. İmmiqrasiya Tramp üçün əsas mövzudur və onun məhdudlaşdırıcı siyasəti onun millətçi “Amerika Birinci” düşüncəsinə bağlıdır.
2017-ci ildə and içərək vəzifəsinin icrasında başlayandan yeddi gün sonra Tramp əksəriyyəti müsəlman olan yeddi ölkənin vətəndaşlarının ABŞ-a girişinə 90 günlük qadağa tətbiq etdi.
"Mən radikal İslamçı terrorçuları Amerika Birləşmiş Ştatlarından uzaq tutmaq üçün yeni yoxlama tədbirləri yaradıram. Biz onları burada istəmirik," Tramp bildirib.
Donald Tramp bu il təşviqat kampaniyası zamanı onun sözləri ilə desək, “miqrant istilası” ilə bağlı sərt çıxışlar edərək, sərhəd təhlükəsizliyini əsas seçki mövzusuna çevirmişdi. O, Şimali Karolinada tərəfdarlarına Meksikanın yeni prezidentinə nə söyləyəcəyini deyib.
"Mən ona ilk gündə və ya daha da əvvəl bildirəcəm ki, əgər onlar bu ölkəyə cinayətkarlar və narkotiklərin axının dayandırmasalar, mən onların Amerika Birləşmiş Ştatlarına göndərdikləri hər şeyə dərhal 25 faizlik tarif tətbiq edəcəm," o bildirib.
Tramp prezidentliyi dövründə Çindən gələn idxallara tariflər tətbiq edib və belə görünür bu dəfə də taktikalarını dəyişməyəcək.
"Onlar bizə ziyan vurur. Bu, gülüncdür. Onlar bağlanır, hər kəs işini itirir, sonra onlar onu öz ölkələrində istehsal edib, vergisiz, heç nəsiz bizə geri göndərirlər. Biz də onu itiririk. Biz itiririk. Biz şirkəti itiririk, biz iş yerlərini itiririk, biz bir növ hər şeyi itiririk və bu, axmaqlıqdır," Donald Tramp bildirib.
Tramp ABŞ-ı iqlim dəyişikliyi, qlobal istiləşmə və istixana qazı emissiyaları ilə mübarizə aparan beynəlxalq müqavilə olan 2015-ci il Paris Sazişindən geri çəkdi.
"Mən Paris yox, Pitsburq sakinlərini təmsil etməyə seçilmişdim," sabiq Prezident Donald Tramp deyib.
Tramp deyir ki, onun enerji sahəsində yürütəcəyi siyasətdə diqqət yerli neft hasilatının artırılmasına və ətraf mühitlə bağlı qaydaların azaldılmasına yönələcək.
"Biz ilk gün, ilk saat çox şey edə bilərik, amma birinci biz qazacağıq…," Tramp deyib.
Tramp ikinici prezidentlik müddətində prezident Co Baydenin hakimiyyətdə olduğu son dörd ildə olduğundan daha proteksionist və təcridçi yanaşma vəd edir.