Mərkəzi Seçki Komissiyasının (MSK) noyabrın 6-da keçirilən iclasında bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı hazırlıqlara başlanıldığı bildirilib. Bu barədə MSK sədri Məzahir Pənahov elan edib.
Onun sözlərinə görə, bələdiyyə seçkilərinin gələn il yanvar ayının 25-dən sonra keçirilməsi nəzərə tutulur.
İclasda MSK sədri Azərbaycanda 2025-ci il yanvarın sonuna qədər bütün bələdiyyələrin səlahiyyətləri başa çatdığını bildirib.
Seçki Məcəlləsinə əsasən, seçki tarixi səsvermə günündən azı 60 gün əvvəl elan edilməlidir.
Seçki Müşahidə Alyansının rəhbəri Məmməd Məmmədzadə MSK-nın Konstitusiyanın 56-cı maddəsinin və Seçki Məcəlləsində vətəndaşların seçmək və seçilmək hüququ tələblərinə hörmət etmədiyini düşünür:
"İndiki halda vətəndaşların təməl hüququ olan seçmək və seçilmək
hüququnun pozulması ciddi qanun pozuntusudur. Həmçinin, vətəndaşların ictimai iştirakçılıq hüquqları pozulur. Təəssüf ki, Konstitusiya və Seçki Məcəlləsində seçkilərin hansı hallarda təxirə salınması barədə detallı müddəalar yoxdur. İstisnalar olmadığından bələdiyyə seçkiləri də vaxtında keçirilməliydi. Bu halda ciddi qanun pozuntusu kimi qiymətləndirilməlidir".
Onun sözlərinə görə, dekabrda keçirilməli olan seçkilər üçün qərar oktyabr ayında verilməlidir.
"60 günlük seçki prosesində ictimai iştirakçılıq çox vacibdir. Siyasi partiyalar, vətəndaş cəmiyyəti nümayəndələri, namizədlər bu prosesdə iştirak edirlər. Müddətin gecikməsi onların hüquqlarının pozulmasıdır. Yəni, ümumi gecikmə prosesdə iştirakçılığı, kampaniyaların aparılmasını məhdudlaşdırır", deyə, Məmmədzadə bildirib.
Deputat Zahid Oruc isə ötən ay açıqlamasında seçkilər haqda MSK-nın açıqlama verməməsini fərqli hüquqi reallıqla izah etmişdi:
"Hazırkı anda söhbət məhz Seçki Məcəlləsinin müəyyənləşdirdiyi situasiyadan gedir. Məcəllənin 211-ci maddəsində qeyd olunur ki, bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Bu müddətin hesablanması seçki günündən başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır. Hansısa ərazilərdəki bələdiyyə vahidində seçkilərin nəticələri tanınmırsa, belə halda məhz əvvəlki dövrdə seçilmiş bələdiyyə öz səlahiyyətlərini saxlayır və növbəti dövrdə bələdiyyə orqanı olaraq tanınır, fəaliyyəti də qanuni sayılır".
Azərbaycanda ilk dəfə bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib və ən çox bələdiyyə üzvü Yeni Azərbaycan Partiyasından olub.
Həmin il ölkədə 2700 bələdiyyə yaradılsa da, sonradan kiçik bələdiyyələrin birləşdirilməsi nəticəsində bələdiyyələrin sayı 1771- ə endirildi.
Səsvermənin nəticəsi olaraq 20456 nəfər bələdiyyə üzvü seçilib.
Seçkilər nəticəsində Azərbaycanda 51 şəhər, 8 şəhərdə rayon, 123 qəsəbə və 2 409 kənd bələdiyyəsi seçilib.
Yanvarın 18-də Milli Məclisin Regional Məsələlər Komitəsinin iclasında hakim Yeni Azərbaycan Partiyası üzvü Siyavuş Novruzov seçkilərin 2024-cü ilin dekabr ayında keçiriləcəyini bildirmişdi.
O, həmçinin bələdiyyələrin saylarının nəzərdən keçirilməli olduğunu da deyib.
Fevralın 1-də isə Siyavuş Novruzov müsahibəsində bələdiyyələrin saylarının azaldılmalı olduğunu, bələdiyyə sədrlərinin birbaşa xalq tərəfindən seçilməsinin vacibliyini və namizədlik üçün lazım olan sənədlərin azaldılmasının bildirib.
Fevral ayının sonunda Milli Məclisə "Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında" Qanun layihəsi daxil olub.
Oktyabrın 18-də Milli Məclis "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanuna Əlavə − "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə qanun layihəsini müzakirəyə çıxarıb.
Milli Məclis 1400 bələdiyyənin birləşdirilərək ümumi sayının 685-ə endirilməsini təsdiqləyib.
Azərbaycanda indiyə qədər 6 bələdiyyə seçkisi keçirilib. Bu da 1999, 2004, 2009, 2011, 2014 və 2019-cu illəri əhatə edir.