Human Rights Watch Avropa liderlərini Azərbaycan höküməti ilə siyasi həbsləri müzakirəyə çağırıb

Human Rights Watch

Noyabrın 11-dən 22-dək Bakıda BMT-nin 29-cu illik İqlim Dəyişikliyi Konfransında iştirak edən Avropa İttifaqı liderləri siyasi motivlərlə həbs edilənlərin işlərini birbaşa Azərbaycan hakimiyyəti ilə müzakirə etməli və onların azadlığa buraxılmasına çalışmalıdır.

Bu barədə noyabrın 6-da Human Rights Watch daxil olmaqla 17 beynəlxalq insan haqları təşkilatı bəyanatla çıxış edib.

Bəyanatda deyilir ki, son iki ildə Azərbaycan hökuməti tənqidçilərinə hücumu gücləndirib.

Təşkilatlar hesab edir ki, Avropa İttifaqı (Aİ) hazırda COP29-un yaratdığı nadir beynəlxalq fürsətdən yararlanaraq açıq danışmalı, ölkədəki vətəndaş cəmiyyəti, müstəqil media, insan haqları müdafiəçiləri üçün konkret yaxşılaşmaya nail olmalıdır.

İnsan haqları təşkilatları qeyd edir ki, Azərbaycan hökuməti tənqidçilərini siyasi motivli həbslər, saxta kriminal ittihamlarla hədəfə alır. Eləcə də qeyri-hökumət təşkilatlarına qarşı xeyli məhdudlaşdırıcı qanunları işə salır.

“Avropa İttifaqı Azərbaycanla iqtisadi və siyasi əlaqələrin, o cümlədən enerji sahəsində əməkdaşlığın Aİ-nin Şərq Tərəfdaşlığı təşəbbüsünün üzvü kimi Azərbaycanın öhdəliklərinə uyğun olaraq konkret insan hüquqları öhdəliklərini ehtiva etməsini təmin etməlidir”, bəyanatda deyilir.

Bəyanatda qeyd deyilir ki, ölkənin dövlət büdcəsinin mədən yanacağından asılılığı, 2022-ci ildə imzalanmış Aİ-Azərbaycan Anlaşma Memorandumunun siyasi təsir üçün ciddi alətdir.

İnsan haqları qurumları Azərbaycanda son iki ildə iqtisadçı, antikorrupsiya eksperti Qubad İbadoğlunun, insan haqları fəalı Anar Məmmədlinin, eləcə də azı 11 müstəqil jurnalist və media işçisinin müxtəlif saxta ittihamlarla saxlandığını bildirir.

Bəyanatda deyilir ki, Aİ liderləri Azərbaycan hakimiyyəti qarşısında siyasi motivlərlə saxlananların işlərini qaldırmalıdırlar. İbadoğlu, Məmmədli, media eksperti Ələsgər Məmmədli, jurnalist Hafiz Babalı, iqtisadçı Fazil Qasımov, siyasi fəal Famil Xəlilov kimi müalicəyə ehtiyacı olanların işinə xüsusi önəm verilməlidir. Eləcə də təcridxanada işgəncə və pis rəftar iddialarını ictimailəşdirəndən sonra təhdid olunduğu bildirilən "AbzasMedia" direktoru Ülvi Həsənlinin işi qabardılmalıdır.

Təşkilatlar hesab edir ki, Aİ liderləri Azərbaycanda olarkən siyasi dəstək nümayişi kimi insan haqları müdafiəçiləri, jurnalistlər, müstəqil vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşməlidir. Sənəddə həmçinin Avropa İttifaqı liderləri təcili tibbi yardıma ehtiyacı olan şəxslərə üstünlük verilməklə yuxarıda adları çəkilən şəxslərin azadlığa buraxılmasına, müstəqil mediaya və vətəndaş cəmiyyətinə dəstəyini açıq şəkildə ifadə etməyə, hakimiyyəti qeyri-qanuni həbs olunanların hamısını qeyd-şərtsiz azad etməyə və QHT-lərlə bağlı repressiv qanunların ləğv edilməsinə nail olmağa çağırılır.

Bəyanatı "Amnesty International", Jurnalistləri Müdafiə Komitəsi, Avropa Jurnalistlər Federasiyası, "Freedom Now" və digər qurumlar imzalayıb.

Son bir ildə saxlanan jurnalist və fəallar əsasən, qaçaqmalçılıqda ittiham olunurlar. Onlar isə ittihamları qanunsuz hesab edir, həbslərini peşə fəaliyyətləri ilə əlaqələndirirlər.

Rəsmi Bakı bu bəyanata hələlik münasibət bildirməyib. Amma Azərbaycan höküməti ölkədə insanların iradəsinə görə təqib edilmədiyini və siyasi məhbusların olmadığını bildirir. Hökumət rəsmiləri insanların qanunvericilik qarşısında bərabər olduğunu, fundamental hüquqların tam təmin edildiyini iddia edir. Bununla yanaşı, yerli hüquq müdafiəçilərinin son hesabatına görə, hazırda 319 nəfər siyasi iddialarla həbsdədir.