Bəhruz Səmədov aclıq aksiyasına başlayacağını bəyan edib

Bəhruz Səmədov

Noyabrın 5-də siyasi tədqiqatçı, sülh fəalı Bəhruz Səmədov ona irəli sürülən ittihamlara etiraz olaraq aclıq elan edəcəyini bəyan edib. Bu barədə Amerikanın Səsinə onun nənəsi Zibeydə Osmanova məlumat verib.

"O, COP29 tədbirində ekologiya, özünün günahsız yerə həbs olunması və sülhlə bağlı çıxış etmək istəyir. Bəhruz "dövlətə xəyanət" maddəsini qəbul eləmir və günahsız yerə həbsdə saxlanıldığını deyir. Dedi ki, saxta ittihamlarla həbs olunmasına etiraz olaraq aclıq elan edəcək" - deyə, nənəsi qeyd edib.

Hər il fərqli ölkələrin ev sahibliyi etdiyi 29-cu "Tərəflərin Konfransı" (Conference of the Parties) noyabrın 11-dən 22-dək Azərbaycan paytaxtı Bakının Olimpiya stadionunda keçiriləcək.

Bundan əvvəlki tədbir isə COP28 keçən il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutub.

COP29-un bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbir olacağı gözlənilir. Bakıdakı COP29-da əsas mövzularının iqlim dəyişikliyinin təsirinin və iqlim dəyişikliklərinin təsirlərindən zərər görən ölkələr üçün nəzərdə tutulan maliyyələşməsi olacağı açıqlanıb.

Bir sıra beynəlxalq təşkilatlar bəyanatlarında Azərbaycanın COP29-a ev sahibliyi etdiyi dövrdə insan hüquqlarının vəziyyətinə, müstəqil jurnalistlərin həbsinə, eləcə də vətəndaş cəmiyyətinin məhvinə diqqət çəkib.

"Amnesty International" təşkilatı yaydığı sənəddə qeyd edir ki, Azərbaycana COP29-da sədrlik verildiyi andan etibarən müsbət dəyişiklik baş verməyib.

"Əslində, Azərbaycanda insan hüquqları sahəsində ağır vəziyyət 2023-cü ilin dekabrından etibarən daha da pisləşib. Hakimiyyət sammitdə "hamının səsinin eşidilməsini təmin etdiyini" iddia edir, amma bu il onlar ondan çox fəalı və jurnalisti təqib edib və iqlim böhranına qarşı mübarizə aparan əsas şəxsləri susdurub", hesabatda deyilir.

Siyasi tədqiqatçı avqustun 21-də həbs olunub. Avqustun 23-də isə Səbail Rayon Məhkəməsi Bəhruz Səmədov barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə 4 aylıq həbs qətimkan tədbiri seçib.

Bəhruz Səmədov "OC Media" və "Bakı Araşdırmalar İnstitutu"nun müəllifidir. O, Azərbaycan hakimiyyəti ilə bağlı tənqidi yazıları və Qarabağ münaqişəsində sülhpərvər mövqeyi ilə tanınır, elə həbsinin səbəbini də bunda görür.

Siyasi tədqiqatçı Mərkəzi Avropa Universitetinin beynəlxalq əlaqələr bölməsinin məzunu, Karlov Universitetinin siyasi elm bölməsinin doktorantura tələbəsidir. Səmədov poststrukturalist və psixoanalitik nəzəriyyələrə əsaslanaraq Azərbaycanda hegemoniya və siyasi diskursları araşdırır.

Azərbaycan hakimiyyəti isə bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.