Müsavat Partiyası: Bələdiyyə seçkilərinin elan edilməməsi qanun pozuntusudur

Müsavat Partiyası ölkədə bələdiyyə seçkilərinin elan edilməməsini ciddi qanun pozuntusu hesab edir.

“Azərbaycanda növbəti bələdiyyə seçkilərinin keçirilməsi haqda bu günə qədər qərar verilməməsini ciddi qanun pozuntusu kimi qiymətləndiririk. Mövcud bələdiyyələrin səlahiyyətləri bu il dekabrın 23-də başa çatır. Seçki Məcəlləsinə əsasən növbəti bələdiyyə seçkiləri ən geci oktyabrın 24-dək təyin edilməli idi”, Müsavat Partiyasının bəyanatında deyilir.

Seçki Müşahidə Alyansının rəhbəri Məmməd Məmmədzadə Amerikanın Səsinə bildirib ki, bu ilin dekabrında Azərbaycanda bələdiyyə seçkiləri keçirilməli olsa da, Mərkəzi Seçki Komissiyası (MSK) hələ seçkilərin vaxtını elan etməyib.

“Seçki Məcəlləsinə əsasən, seçkinin tarixi səsvermə günündən azı 60 gün əvvəl elan edilməlidir. Dekabrda keçirilməli olan seçkilər üçün qərar oktyabrda verilməlidir. Seçki prosesilə bağlı müddətin pozulması vətəndaşların Konstitusiyanın 56-cı maddəsilə nəzərdə tutulan seçmək və seçilmək hüququnun pozuntusudur. Bu, eyni zamanda Seçki Məcəlləsinin bir sıra maddələrinin pozuntusu kimi də qiymətləndirilə bilər. Yəni, ümumi gecikmə prosesdə iştirakçılığı, kampaniyaların aparılmasını məhdudlaşdırır", o qeyd edib.

Məmmədzadə hesab edir ki, MSK seçkilərin vaxtında keçirlməməsinin səbəbləri ilə bağlı ictimaiyyətə məlumat verməlidir.

MSK bələdiyyə seçkilərinin nə vaxt elan ediləcəyi ilə bağlı hələ məlumat yaymayıb.