ABŞ seçki sistemini hakerlərdən qorumaqda əzmlidir

Allegheny Qraflığının Seçki Mərkəzində media mənsublarına bülleten skanneri nümayiş etdirilir. Pittsburq, Pennsilvaniya, 30 oktyabr, 2024.

ABŞ seçkilərinə müdaxilə etmək istəyən ölkələr saxta videolara və başqa dezinformasiya metodlarına əl atmaq məcburiyyətindədirlər, çünki onların səs sayımına təsir göstərəcək sistemlərə girişi yoxdur. Bu barədə seçkilərin təhlükəsizliyini qorumağa məsul ABŞ agentliyi açıqlama verib.

Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi (CISA) seçki gününə 24 saat qalmış bildirib ki, Rusiya, İran və Çin kimi xarici dövlətlərin manipulyasiya və yaxud sistemə giriş imkanlarına malik olduğuna dair heç bir dəlil yoxdur.

“Böyük əminliklə deyə bilərəm ki, inanmıram ki, prezident seçkilərinin nəticələrinə material olaraq təsir göstərə biləcək texniki haker əməliyyatı mümkündür,” CISA Direktoru Cen İsterli bildirib.

Bu əminlik qismən ABŞ seçkilərinin qeyri-mərkəzləşdirilmiş üsulla kçirilməsindən qaynaqlanır. Belə ki, hər bir ştat özü ayrılıqda səslərin sayılması üçün fərdi sistemə malikdir. Bundan əlavə, CISA illər boyu ABŞ-da ştat və lokal seçki rəsmiləri ilə bu istiqamətdə iş aparıb.

Ştat səsvermə sistemlərinin heç biri İnternetə qoşulmayıb və ABŞ seçicilərinin 97 faizinin səs verəcəyi dairələrdə səslər kağız bülletenlərlə təsdiqlənir.

“Bizim seçki infrastrukturumuz heç vaxt bu dərəcədə təhlükəsiz olmayıb. Səsvermə icması salamat, təhlükəsiz, azad və ədalətli seçkilərin təşkilinə tam hazırdır”, İsterli deyib.

Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi təxmin edir ki, 77 milyon amerikalı artıq erkən səsvermədə səs verib. On milyonlarla vətəndaşın isə məhz seçki günü səs verəcəyi gözlənilir.