Moldova prezidenti Maya Sandu bazar günü seçkilərdə rusiyayönlü rəqibi Aleksandr Stoyanoqlo üzərində qələbə qazanaraq ikinci müddətə prezident olub. Molodva Aİ-yə namizəd ölkə statusundadır.
Nəticələr səslərin demək olar ki, 100%-nin hesablanması ilə Moldovanın Mərkəzi Seçki Komissiyası tərəfindən elan edilib.
Sandu səslərin 55%-dən çoxunu, Stoyanoqlo isə 45%-ni qazanıb. Sandunun qələbəsi Moldovanın avropapərəst istəklərinə təkan verir.
Avropayönlü islahatçı Sandu ilə Sosialist Partiyasının dəstəklədiyi keçmiş prokuror Stoyanoqlo arasındakı yarış, beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib.
Ukrayna və Rumıniya arasında yerləşən kiçik postsovet ölkəsi olan Moldova uzun müddətdir ki, Moskva ilə Qərb arasında rəqabət nöqtəsinə çevrilib.
Sandu kampaniyası islahatları, korrupsiya ilə mübarizəni və Aİ üzvlüyünə doğru aydın yolu vurğuladığı bir vaxt Stoyanoqlo Rusiya ilə daha sıx əlaqələri təşviq edirdi.
Seçki Rusiyanın müdaxiləsi iddiaları fonunda baş tutub
Moldovalı və beynəlxalq analitiklər Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı narahatlıqlarını dilə gətiriblər. Moldovanın "WatchDog.MD" analitik mərkəzinin sədri Valeriu Paşa Rusiyanın müdaxiləsinin miqaysının olduqca böyük olduğunu bildirib. O həmçinin bildirib ki, bu seçki "təkcə Moldova üçün deyil, bütün demokratik ölkələr üçün unikal bir məşq" idi.
Amerikanın Səsinə danışan Valeriu Paşa hesab edir ki, Moskva Stoyanoqlonun kampaniyasına və səylərini dəstəkləmək üçün 150 milyon dollardan çox vəsait xərcləyib ki, bu da Avropanın ən kasıb ölkələrindən biri olan Moldova üçün böyük məbləğdir. Onun sözlərinə görə, Rusiyanın əsas məqsədi "Moldovanı öz orbitində saxlamaqdır".
Sandunun baş milli təhlükəsizlik müşaviri Stanislav Sekrieru seçki günü sosial media yazaraq bildirib ki, Rusiya nəticələri təhrif etmək məqsədi ilə kütləvi müdaxilə həyata keçirib. Moldova hakimiyyəti buna cavab olaraq seçki təhlükəsizliyini gücləndirib, vətəndaşlar isə kampaniya boyu geniş yayılmış dezinformasiya və onlayn təbliğatın artdığını bildirib.
Rusiya seçkiyə müdaxiləsi ilə bağlı iddaları rədd edir.