Tədqiqatçı İqbal Əbilov ev dustaqlığına buraxılmayıb

İqbal Əbilov

Noyabrın 4-də Səbail Rayon Məhkəməsində talış tarixinin tədqiqatçısı İqbal Əbilovun həbsinin ev dustaqlığı ilə əvəz olunması barədə verilən vəsatətə baxılıb. Vəkil Rövşanə Rəhimlinin məlumatına görə, İqbal Əbilovun ev dustaqlığı ilə bağlı vəsatəti təmin edilməyib.

"İttiham tərəfi hər zaman olduğu kimi ehtimallara əsaslanır ki, guya İqbal istintaq dövründə azadlıqda olarsa istintaqa qeyri-qanuni yollarla təsir etməyə çalışacaq. Sözügedən qərardan apellyasiya şikayəti veriləcək", deyə, vəkil bildirib.

İqbal Əbilov iyulun 22-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (xarici təşkilatların və ya onların nümayəndələrinin göstərişi ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur.

Dövlət Təhlükəsizliyi Xidməti tədqiqatçının həbsi ilə bağlı rəsmi məlumat yaymayıb. Lakin yerli saytlarda yer alan iddialara görə, Əbilov üçüncü ölkə ərazisində məskunlaşıb xarici xüsusi xidmət orqanının tapşırıqlarını icra etməklə dövlətə xəyanətdə, Azərbaycan ərazisində etnik zəmində nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərdə təqsirləndirilir.

Yaxınları hesab edir ki, İqbal Əbilov qondarma ittihamlarla saxlanılıb, onun təqib olunmasının səbəbi müxtəlif etnik azlıqlar, o cümlədən Azərbaycanda yaşayan talışlarla bağlı araşdırmalar aparmasıdır.

35 yaşlı Əbilov 2010-cu ildə Riqada qeydiyyatdan keçmiş talış tədqiqatçıları qrupu "Talış Milli Akademiyası"nın təsisçilərindən biridir. Talış Milli Akademiyasının məqsədi talış dilini sosial-iqtisadi, tarixi, etnoqrafik, arxeoloji, ədəbi və linqvistik baxımdan öyrənmək və tədqiq etməkdir.

İqbal Əbilov eyni zamanda "Talış Milli Akademiyası Xəbərləri"nin baş redaktorudur. Saytda talış folklor nümunələri, talışla bağlı nəşr olunmamış tarixi sənədlər və ilkin tədqiqatçıların əvvəllər nəşr olunmamış əsərləri dərc olunduğu qeyd edilib.

Əbilov Belarus Dövlət Universitetinin Beynəlxalq münasibətlər ixtisası üzrə 2012-ci ildə bakalavr, 2013-cü ildə isə magistraturasını bitirib. 2016-cı ildə həmin universitetin aspiranturasına daxil olub.