Ukrayna rəsmiləri Rusiyanın gecə boyu 96 dron və idarə olunan raketlə Ukraynaya hücum etdiyini bildiriblər.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, hücum zamanı raketlə birlikdə 66 dron məhv edilib. Daha 27 dronun müxtəlif ərazilərdə “itirildiyi”, bir pilotsuz təyyarənin Belarusun hava məkanına uçduğu bildirilib. Ölən və yaralananlar barədə məlumat verilməyib.
Prezident Volodimir Zelenski bazar günü bildirib ki, Ukrayna son bir həftə ərzində Rusiya tərəfindən 900-ə yaxın idarə olunan bomba, 500 dron və 30 raketlə hücuma məruz qalıb.
Zelenski Ukraynanın müttəfiqlərini “təhlükəsizliyimiz üçün uzaqmənzilli qabiliyyətin təmin edilməsinə” çağıraraq bildirib ki, “dünyadan kifayət qədər dəstək alsaydıq, bu hücumlar mümkün olmazdı”.
Kyiev hələ də Qərb tərəfdaşlarından Şimali Koreya qoşunlarının təlim keçdiyi düşərgələrə qabaqlayıcı zərbələr endirmək də daxil olmaqla, Rusiya ərazisindəki hədəfləri vurmaq üçün təqdim etdikləri uzaqmənzilli silahlardan istifadə etməklə bağlı təkrar müraciətlərinə cavab gözləyir.
Ukrayna prezidenti həmçinin tərəfdaşları “Rusiyanın dron və raket istehsalı üçün vacib komponentləri idxal etməsinin qarşısını almaq üçün təsirli sanksiyalar tətbiq etməyə” çağırıb. Bu çağırış onun şənbə günü Ukraynaya oktyabr ayında 2000-dən dron və “hələ də Qərb komponentlərindən istifadə edilən” raketlər tərəfindən hücum edildiyini bildirdiyi müraciətindən sonra edilib.
Zelenski sanksiyalardan yayınmanın qarşısını almaq üçün ixracata daha sərt nəzarətə ehtiyac olduğunu vurğulayıb.
Rusiya Müdafiə Nazirliyi bazar günü gecə ölkənin üç rayonunda Ukraynanın 19 dronunun - Rostov vilayətində 16, Belqorod vilayətində 2 və Volqoqrad vilayətində bir dronun vurulduğunu bildirib.
Qubernator Vyaçeslav Qladkovun bildirdiyinə görə, bazar günü Belqorod vilayətində Ukraynaya məxsus dron hücumu nəticəsində bir nəfər ölüb.