Seçkilərin son günlərində Harris Miçiqan ştatında, Tramp isə mühüm şərq ştatlarında kampaniya aparır

Demokrat Partiyasından prezidentliyə namizəd Kamala Harris bazar günü Miçiqan ştatında kampaniya aparır, onun Respublikaçı rəqibi Donald Tramp isə seçki yarışlarının son günlərində seçkinin taleyini müəyyən edəcək üç ştatda təşviqat kampaniya tədbirləri keçirir.

Rəy sorğuları yarışlarda namizədlər arasında fərqin çox az olduğunu göstərir və hər iki namizədin kampaniyası çərşənbə axşamı günü nəticəni müəyyən edəcək yeddi ştatda kimin qalib gələcəyinə əmin olmadıqlarını bildirir.

Harris sənaye ştatı olan Miçiqanda Demokratların qalib gəlməli olduğu hesab edilən universitet şəhərciyi İst Lansinqdə kampaniya aparacaq.

O, ştatda yaşayan 200 min ərəb mənşəli amerikalı arasında hazırkı vitse-prezidentin Qəzzada müharibəni dayandırmaq və İsrailə yardımı azaltmaq üçün daha çox iş görmədiyindən narazı olan bəzilərinin skeptik münasibəti ilə üzləşir.

Tramp cümə günü ərəb-Amerika icmasının mərkəzi olan Diaborn şəhərində olub və Yaxın Şərqdə müharibələrə son qoyacağına söz verib.

Trampın üç kiçik şəhərdə onun bazasının əhəmiyyətli hissəsini təşkil edən ucqar yerlərdəki seçiciləri səfərbər etməyə kömək edə biləcək təşviqat kampaniya tədbirləri keçirəcəyi gözlənilir.

O, günün əvvəlində Pensilvaniya ştatının Lititz şəhərində kampaniya tədbiri keçirəcək, günortadan sonra Şimali Karolina ştatının Kinston şəhərində olacaq, daha sonra isə Corciya ştatının Makon şəhərində axşam mitinq keçirəcək.

Kampaniyanın son günlərində Harris seçiciləri illərlə inflyasiyadan sonra əsas məsələ olan yaşayış xərclərini azaldacağına inandırmağa çalışır. O həmçinin Trampı təhlükəli kimi təsvir edərək, amerikalıları onun siyasətə bölücü yanaşmasını rədd etməyə çağırıb.

“Bu seçkidə Donald Trampın bizi bölməyə və bizi bir-birimizdən qorxutmağa çalışdığı onilliyi geridə qoymaq imkanımız var. Bu iş bitib”, o, şənbə günü Şarlotta deyib.

Tramp Harrisin hazırda vəzifədə olan vitse-prezident kimi artan qiytmətlər və son illərdə onun ölkə üçün təhlükə kimi xarakterizə etdiyi yüksək immiqrasiya səviyyəsinə görə məsuliyyət daşımalı olduğunu bildirib.

“Onların ala biləcəyi yeganə pulsuz yardım evlərinə pulsuz geri dönmək olacaq”, o, şənbə günü Şimali Karolinanın Qrinsboro şəhərində kampaniya tədbirində deyib.

Florida Universitetinin Seçki Laboratoriyasının məlumatına görə, azı 75 milyon amerikalı artıq səs verib. Bu rəqəm 2020-ci il seçkilərində verilən 160 milyon səsin təxminən yarısını təşkil edir.

Bununla belə, qalib bir neçə gün məlum olmaya bilər, çünki Pensilvaniya kimi ştatlarda poçt vasitəsilə verilən səslərin hesablanması üçün vaxta ehtiyac ola bilər.