İsrail ordusunun rəsmisi şənbə günü bildirib ki, İsrail dəniz qüvvələri Livanın şimalında Hizbullahın yüksək səviyyəli əməliyyatçısını ələ keçirib.
Bundan öncə şənbə günü səhər saatlarında Livan rəsmiləri cümə günü ölkənin şimalındakı Batrun şəhəri yaxınlığında livanlı dəniz kapitanının sahilə enən bir qrup silahlı şəxs tərəfindən ələ keçirilməsinin arxasında İsrailin olub-olmadığını araşdırdıqlarını bildirib.
“"Əməliyyatçı İsrail ərazisinə köçürülüb və hazırda onun barəsində istintaq aparılır," ordu rəsmisi bildirib, amma saxlanılan şəxsin adını açıqlamayıb.
Livanın iki hərbi rəsmisi Associated Press agentliyinə dəniz qüvvələrinin Beyrutun təxminən 30 kilometr şimalında yerləşən Batruna eniş etdiyini və Livan vətəndaşını qaçırdığını təsdiqləyib. Onların heç biri nə həmin şəxsin kimliyini açıqlayıb, nə də onun Livanın Hizbullah qruplaşması ilə əlaqəsinin olub-olmadığını deyib. Onlar silahlı şəxslərin İsrail qüvvələri olub-olmadığını təsdiqləməyiblər.
Livanın Al-Jadeed telelviziyasına danışan Livanın ictimai işlər və nəqliyyat naziri Əli Hami təfərrüatlara varmaqdan və bunun İsrailin əməliyyatı olub-olmaması ilə bağlı suallara cavab verməkdən imtina edib.
Livanın üç ədliyyə rəsmisi AP-yə hadisənin cümə günü səhər saatlarında baş verdiyini deyib və əlavə edib ki, kapitanın Hizbullah ilə əlaqələri ola bilər. Rəsmilər bildirib ki, həmin şəxsin Hizbullahla əlaqəsi olub-olmadığını və yaxud İsrailin casus agentliyində işlədiyi və İsrail qüvvələri onu xilas etmək üçün gəldiyini müəyyən etmək üçün istintaq aparılır.
Həm ordu, həm də ədliyyə rəsmiləri adlarının anonim qalması şərti ilə danışıblar, çünki onların hadisə və ya davam edən istintaqla bağlı təfərrüatları bölüşmək səlahiyyətləri yoxdur.
Hizbullah bəyanat yayaraq baş verənləri "Batrun bölgəsində sionist aqressiyası" adlandırıb. Bəyanatda nə detal verilməyib, nə də Hizbullah üzvlərindən birinin İsrail tərəfindən ələ keçirilib-keçirilmədiyi təsdiqlənməyib.
İsrail Hizbullah və fələstinli rəsmiləri qaçırmaq və ya öldürmək üçün Livanın dərinliklərində komando əməliyyatları həyata keçirib.
Həmin şəxsin ələ keçirildiyi yaşayış binasının sakinləri bildiriblər ki, silahlı qrup özlərini dövlət mühafizə xidmətinin əməkdaşları kimi təqdim edib.
"Biz dəhşətə gəldik. Onlar zorla bizim yanımızdakı mənzilə daxil olurdular," Hüseyn Delbani The Associated Press agentliyinə şəxsin tutulduğu yerin yaxınlığında deyib. Bir ay əvvəl İsrail-Hizbullah müharibəsi başlayanda Livanın cənubundan didərgin düşən Delbani "Dövlət agentliyinin təhlükəsizlik əməliyyatı apardığını düşündüm" deyib.
O, eyvanından sahildə insanların olduğunu gördüyünü və ona içəri keçməsini əmr etdiklərini söylədi.
Hami Al-Jadeed-ə həmin şəxsin mülki gəmilərin kapitanı olduğunu deyib. O, 2022-ci ildə məzun olub və sentyabrın sonunda əlavə kurslar üçün Batrun Dəniz Elmləri və Texnologiya İnstitutuna qoşulub. Hami bildirib ki, həmin şəxs institutdan 300 metr aralıda yaşayırmış.
Haminin açıqlamaları iki livanlı jurnalistin sosial mediada 20-yə yaxın silahlı şəxsin üzünü köynəyi ilə örtülmüş bir adamı evin qarşısından apardığını göstərən bir video yayımlamasından qısa müddət sonraya təsadüf edib.
Birləşmiş Millətlər Təşkilatının Livanın cənubunda yerləşdirilmiş sülhməramlı qüvvələrinin sözçüsü Kandis Ardiel bəzi jurnalistlərin sülhməramlıların əməliyyatda desant qüvvələrinə kömək etdiyinə dair iddialarını təkzib edib. UNIFIL kimi tanınan BMT missiyası sahilə nəzarət edən dəniz qüvvələrinə malikdir.
"Dezinformasiya və yalan şayiələr məsuliyyətsizlikdir və sülhməramlıları risk altına qoyur," Ardiel deyib.