İranın ali ruhani lideri İsrailin ötən həftə etdiyi hücumuna cəzalandırıcı cavab verməyi vəd etdiyi bir vaxtda, şənbə günü İsrailin mərkəzində bir şəhərə edilən hücum nəticəsində ən azı 11 nəfər xəsarət alıb.
Sübh saatlarında Tiraya endirilən zərbədən öncə günün əvvəlində Livandan İsrailə doğru bir necə hücum edilib. Hücumlardan öncə İsrailin mərkəzində hava sirenaları işə düşüb. Raketlərin bir çoxu İsrailin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub, digərləri isə yaşayışın olmadığı ərazilərə düşüb.
Magen David Adom təcili tibbi xidməti İsrailin əsasən ərəblərin yaşadığı Tira şəhərindəki binaya endirilən birbaşa zərbə nəticəsində 11 nəfərin qəlpə və şüşə qırıqları ilə yaralandığını bildirib. Üç nəfərin vəziyyəti orta ağırdır, digərləri isə yüngül xəsarət alıb.
Görüntülərdə üç mərtəbəli binanın damı və ən üst mərtəbəsinə, eləcə də binanın önündəki maşınlara böyük ziyanın dəydiyi əks olunub.
Livanda İranın dəstəklədiyi Hizbullah qrupu İsrail ordusunun Tel-Əviv yaxınlığında Qlilotdakı 8200-ci bölməsinin bazasına raket atdığını və İsrailin mərkəzinə Palmaçim hava bazasına partlayıcı dronlarla hücum etdiyini bildirərək, məsuliyyəti üzərinə alıb və “hədəflərə dəqiq zərbələr vurdu”ğunu bildirib.
İsrail ordusu hər hansı bazanın hədəf alındığı və ya vurulduğunu təsdiqləməyib.
Hizbullah Birləşmiş Ştatlar, Birləşmiş Krallıq və başqa Qərb ölkələri tərəfindən terror təşkilatı elan olunub.
Hizbullah bildirib ki, şənbə günü sübh saatlarında Qlilota edilən raket hücumu İsrailin törətdiyi “qırğınlara” cavabdır. Çox güman ki, Hizbullah burada Qlilotdan təxminən 20 kilometr uzaqlıqda yerləşən Tiraya vurulan zərbəni nəzərdə tutub.
Tira sakini Tamar Əbdel Hai deyib ki, hücum qorxulu idi. “Mən ərəb dünyasındakı bütün liderləri və İsraildəki liderləri və kömək edə bilən hər kəsi bu müharibəni dayandırmağa çağırıram. Artıq yetər,” o deyib.
Hizbullah həmçinin bildirib ki, döyüşçüləri İsrailin şimalındakı şəhərlərə, o cümlədən Dalton, Yesud HaMaala və Bar Yohaiyə raketlərlə atəş açıb.
İran daha çox hücumla hədələyir
Şənbə günü erkən saatlarda edilən hücumlar İsrailə qarşı daha şiddətli zərbənin xəbərçisi ola bilər.
İranın ali dini lideri Ayətullah Əli Xamenei şənbə günü İsrail və ABŞ-ı İsrailin oktyabrın 26-da İranın hərbi bazalarını və digər yerlərini hədəf alan hava hücumlarından sonra İran və onun müttəfiqlərinə qarşı hücumlara cəzalandırıcı cavab verməklə hədələyib.
“Düşmənlər, istər sionist rejim, istərsə də Amerika Birləşmiş Ştatları, İrana, İran xalqına və müqavimət cəbhəsinə etdiklərinə görə mütləq sarsıdıcı cavab alacaqlar,” Xamenei İran dövlət mediasının yaydığı videoda deyib.
Bu il İsrailə qarşı artıq iki dəfə birbaşa hücum edən İranın növbəti hücumu Yaxın Şərqi daha geniş münaqişəyə yaxınlaşdıra bilər. İsrail artıq Qəzza zolağında İranın dəstəklədiyi HƏMAS və Livanda Hizbullahla mübarizə aparır.
Hizbullaha qarşı mübarizə qruplaşmanı zəiflətsə də, Livanın cənubuna və ölkənin digər bölgələrinə də böyük ziyan vurub.
Livanın Səhiyyə Nazirliyi bildirir ki, cümə günü İsrail Livanın şimal-şərqində əkinçiliklə məşğul olan kəndlərinə onlarla intensiv hava hücumları edərək, ən azı 52 nəfəri ölüdürüb, onlarla insanı yaralayıb.
Səhiyyə Nazirliyinin cümə günü səhər verdiyi məlumata görə, İsraillə Hizbullah arasında 2023-də münaqişə başlayandan bəri Livanda 2897-dən çox insan ölüb, 13,150 nəfər yaralanıb. BMT agentlikləri bildirir ki, İsrailin Livana qurudan hərbi müdaxiləsi və bombardmanı 1.4 milyondan çox insanı didərgin salıb.
İsrailin şimalında Livanla sərhəddəki icmalarının sakinləri, yəni təxminən 60 min nəfər də, bir ildən çoxdur didərgin düşüb.
İsrail həmçinin Qəzzada qalan HƏMAS döyüşçülərinə qarşı hücumunu intensivləşdirərək, orada mülki vətəndaşlar üçün humanitar vəziyyətlə bağlı narahatlıqları artırıb. Ümumdünya Səhiyyə Təşkilatı poliomelitə qarşı peyvənd kampaniyasını şənbə günü nəhayət bərpa etməyi planlaşdırdığını bildirib. Amma təşkilat bunu yalnız Qəzza şəhərində etməyi planlaşdırdığını bildirib, belə ki, İsrailin mühasirəsini gücləndirməsi səbəbilə şimalda yerləşən şəhərlər əlçatmaz olaraq qalır.
2023-cü ilin 7 oktyabrında ABŞ-ın terror təşkilatı hesab etdiyi HƏMAS qrupunun İsraildə təxminən 1200 nəfərin ölümü ilə nəticələnən terror hücumundan bəri İsrailin Qəzzada müharibəsi səbəbilə 43 mindən çox fələstinli öldürülüb.