Prezidentliyə namizədlər seçkilərə bir neçə gün qalmış son kampaniya tədbirlərini keçirir

ABŞ prezidentliyinə namizədlər – Demokrat Kamala Harris və Respublikaçı Donald Tramp seçki yarışlarının finiş xəttinə yaxınlaşdığı vaxt bu həftə izdihamlı mitinqlər keçirib. Donald Tramp Nyu York şəhərində, Kamala Harris isə paytaxt Vaşinqtonda amerikalılara özlərinin dediyi kimi, “yekun arqumentlərini” çatdırıb. Amerikanın Səsinin jurnalisti Karolin Preşutti hər iki tədbir haqda məlumat verir.

Bu son həftə prezident seçki kampaniyaları məhkəməyə bənzəyir.

“Siz indi dörd il əvvəlkindən daha yaxşı durumdasınızmı?”

Yekun arqumentlər səsləndirilir. Seçicilər çərşənbə axşamına qədər münsiflər məhkəməsi kimi fəaliyyət göstərirlər.

Keçmiş prezident Donald Tramp Nyu-Yorkun mərkəzində Madison Square meydanında iqtisadiyyat və immiqrasiya ilə bağlı baxışlarını ifadə edir.

Your browser doesn’t support HTML5

Prezidentliyə namizədlər seçkilərə bir neçə gün qalmış son kampaniya tədbirlərini keçirir

Donald Tramp, Respublikaçılar Partiyasından prezidentliyə namizəd: “Kamala Harris bizim orta sinifimizi dağıtdı. İllərlə xarici dövlətlər yaradıb, xarici sərhədləri müdafiə edib, yad torpaqları qoruduqdan sonra nəhayət ki, öz ölkəmizi inşa edəcəyik, sərhədlərimizi müdafiə edəcəyik, vətəndaşlarımızı qoruyacağıq. Buna Amerika birincidir deyirlər”.

20 000 nəfərlik arena dolu idi. Bəzi seçicilər içəri keçmək üçün bütün gecəni gözləyiblər.

Virciniya Averi, Trampın mitinqinin iştirakçısı: “Nümunə götürəcək birinin olması həqiqətən də gözəl olardı, amma düzünü desəm, Trampın administrasiya və xarici siyasətdə yaxşı iş görəcəyini düşünürəm.”

Nazim Karim, Trampın mitinqinin iştirakçısı: “O, açıq danışır, standart deyil və məndə təsir qoyur.”

Karol Vasqez, Trampın mitinqinin iştirakçısı: “Mən həqiqətən də Trampın bizi növbəti səviyyəyə aparacağını görürəm”.

Vitse-prezident Kamala Harris müraciəti üçün Vaşinqtonda prezidentliyə namizədlərdən birinin gələcək evi olacaq Ağ Evin fonunda Ellips adlanan yeri seçdi.

Kamala Harris: “Amerikada yeni liderlər nəslinin vaxtıdır.”

Harris Trampla kontrast yaratmağa çalışaraq, Amerikaya dair öz baxışını ortaya qoydu.

Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris: “Drama və münaqişə səhifəsini çevirməyin vaxtıdır. Mən ərzaq qiymətlərinin artımı ilə bağlı ilk federal qadağanı təqdim edəcəm. Mən insulin qiymətləri üçün məhdudiyyət qoyacam və bütün amerikalılar üçün reseptli dərmanlar üçün xərclərini məhdudlaşdıracam.”

Bu tədbirə də on minlərlə insan qatılmışdı.

Ancela Kolman, Harrisin mitinqinin iştirakçısı: “İlk qadın prezident - bunu yaşadığım dövrdə görmək istərdim.”

David DeMattia, Harrisin mitinqinin iştirakçısı: “Mən geyəm və şəxsən öz hüquqlarımı qorumaq istəyirəm”.

Alicia Rau, Harrisin mitinqinin iştirakçısı: “O, abort hüquqlarını, seçim hüququnu, qadının seçim hüququnu dəstəkləyir və inanıram ki, prezidentliyi dövründə aborta ümummilli qadağa qoyulmamasını təmin edəcək.”

Namizədlər arasında fərqin çox yaxın olduğu nəzərə alınsa, nəticənin çərşənbə axşamı gecə elan edilməsi mümkün olmaya bilər. Bəzi ştatlarda artıq səslərin hesablanması və səsvermə hüququ ilə bağlı məhkəmə çəkişmələri gedir.