Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Tehran Abdullayevin narkotik maddə istifadəsi ilə bağlı inzibati həbsi barədə məhkəmə qərarını qüvvədə saxlayıb.
Vəkil Nemət Kərimli Amerikanın Səsinə bildirib ki, Abdullayevin həbsindən şikayətə ötən həftənin sonunda baxılıb.
Polisin məhkəmədə səsləndirilən məlumatına görə, Abdullayev küçədə özünü "qəribə" aparıb, ona görə də narkotik maddəsindən istifadədə şübhəli ehtimalı ilə saxlanılıb.
Vəkil bildirib ki, müayinədən sonra fəalın narkotik maddədən istifadə etməsi guya təsdiqlənib, buna görə də onu məhkəmə 20 sutka inzibati həbsə məhkum edib.
Abdullayev məhkəmədə ittihamı qəbul etmədiyini bildirib.
"Tehran Abdullayev dedi ki, əslində onu tikinti materialları mağazasında saxlayıblar. Narkotik maddənin necə olduğunu belə bilmir və bundan uzaqdır. Abdullayev dedi ki, bir neçə gün onu hansı ittihamla həbs etdiklərini bilməyib. Abdullayev öz həbsini Xalq Cəbhəsi Partiyasına üzvlüyü və siyasi fəaliyyətilə əlaqələndirib", Kərimli deyib.
Müdafiə tərəfi inzibati işin dayandırılmasını və ya ən azı cəzanın 10 günə endirilməsini və bu müddətin bitməsilə əlaqədar onun azad edilməsini istəyib.
Lakin məhkəmə həbs barədə qərarı qüvvədə saxlayıb.
Oktyabrın 15-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Tehran Abdullayev narkotik maddədən istifadə ittihamı ilə inzibati qaydada 20 sutka həbs edilib. O, həbsini siyasi fəaliyyəti ilə əlaqələndirib.
Azərbaycan Xalq Cəbhəsi Partiyası Tehran Abdullayevin təqib edilməsinin siyasi motivli olduğunu bildirib.