MBH üzvü Əhsən Nuruzadənin yenidən saxlanıldığı bildirilir

Əhsən Nuruzadə

Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü 7 il həbsdə saxlandıqdan sonra oktyabrın 5-də azadlığa buraxılan Əhsən Nuruzadənin yenidən saxlanıldığı bildirilir. Bu barədə MBH-dan məlumat verilib.

"26 oktyabr axşam saatlarında dərsdən qayıdan qızını qarşılamaq üçün yola çıxan Əhsən Nuruzadəni naməlum şəxslər övladlarının gözü önündə oğurlayıblar. Onun kimin, hara apardığı hələ də məlum deyil" - deyə, məlumatda qeyd olunur.

Nuruzadənin yaxınlarının məlumatına görə isə Əhsən Nuruzadənin anası Zeynəb Hüseynova oğlunun yerini və saxlanma səbəbini öyrənmək üçün Daxili İşlər Nazirliyinə məlumat verib. Eyni zamanda, Ombudsman Aparatına da müraciət olunub, lakin müraciətlər hələ ki, cavabsız qalıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən mövqe almaq mümkün olmayıb.

Fəal 2017-ci ilin sentyabrında "Demokratik Qüvvələrin Milli Şurası"nın mitinqi ərəfəsində saxlanılıb və 10 sutka inzibati həbs cəzası alıb.

2017-ci oktyabrın 6-da isə Əhsən Nuruzadə Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs olunub. 2018-ci il martın 6-da o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Nuruzadə 2015-ci il Nardaran hadisələri ilə bağlı həbs edilən inanclı fəalların hüquqi və ictimai müdafiəsinin koordinasiyası ilə məşğul olub və o, həbsinin səbəbini bunda görüb.

Nuruzadə yerli və beynəlxalq hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

Azərbaycan hökuməti isə ölkədə insanların əqidəsinə, inancına görə təqib edilmədiyini bildirir. Rəsmi Bakı siyasi məhbusların olduğuna dair iddiaları da qəbul etmir.