Bakıda rəssamlar üçün uyğun emalatxana tapmaq real problemə çevrilib. Bahalı kirayə haqları, uyğun olmayan şərait sənətçilərin işlərini rahat görmələrinə ciddi mane olur, həmçinin onların yaradıcılıqdan uzaqlaşmağına gətirib çıxarır. Bu vəziyyət həm yeni istedadların üzə çıxmasına, həm də mövcud sənətkarların işinin davam etməsinə ciddi təsir göstərir.
“Yaradıcı insanlar çox vaxt maddi səbəblərdən dolayı uyğun emalatxana tapmaqda çətinlik çəkirlər. Bakıda yerlər ya çox bahalıdır, ya da uyğun şərait təmin edilmir. Bu, rəssamın işini rahat görməsini çətinləşdirir”.
Rəssam Xədicə Məmmədzadə rəssamların emalatxana problemləri haqqında danışarkən bunları deyib. O, söyləyib ki, ideal olmasa da, uyğun məkan olmadıqda ev şəraitində işləməyə çalışır, bəzəin isə açıq havada işləyir.
Uyğun şəraitli fiziki yaradıcılıq məkanlarının olmaması və ya baha olması birbaşa rəssamın istehsal qabiliyyətinə təsir edir. Üstəlik, sərgilərin az keçirilməsi və rəssamların öz əsərlərini sata bilməməsi də onları maddi olaraq çətinliyə salır.
Sənətşünas Ülkər Əliyeva xüsusi məkanların olmamasının rəssamların öz əsərləri üzərində eksperimentlər aparmağına, daha böyük və ya daha mürəkkəb bədii nümunələr yaratmağına əngəllər törətdiyini deyir:
“Məhdud resurslar və ya lazımi məkanın olmaması eksperimental sənəti boğa və yeni texnikaların inkişaf etdirilməsinə mane ola bilər. Sənətçinin bir komfort zonasının olması önəmli faktorlardan biridir. Lakin bu cür məkanlar, emalatxanalar heç də hər zaman əlçatan olmur. Bu, xüsusən də özünü yetərincə maliyyələşdirə bilməyən rəssamlar üçün daha çətin bir situasiya halına gəlir.
Məhdud yaradıcı mühit yeni ideyaların və eksperimentlərin də məhdud olması deməkdir. Lazımi resurslar olmadan rəssamlar öz potensialını tam həyata keçirə bilmir və bu həm onların yaradıcılığında, həm də yerli sənət sahəsində inkişafı ləngidir. Yaradıcı şəxsi düşündürən şey ona ilham verən mənbələr deyil, maliyyə problemlərini həll etmək üçün çıxış yolu tapmaq olan təqdirdə, əsl sənət dediyimiz bədii məhsulu yaratmaq bir az müşkül məsələ olur. Digər tərəfdən rəssamların daha çox sırf kommersiv məqsədlərlə bədii nümunələr yaratmağa məcbur olduğunun da şahidi oluruq. Bu isə öz növbəsində incəsənət sahəsində innovasiyaların azalmasına, sənət əsərlərinin beynəlxalq bazarda rəqabət qabiliyyətinin aşağı düşməsinə səbəb olur ki, bu da mədəni irsin zəifləməsinə və cəmiyyətin estetik inkişafına mənfi təsir göstərə bilər”.
Əliyeva bildirib ki, mövcud iqtisadi vəziyyətdə azad sənətçilərin maddi olaraq ayaqda qala bilmək, sənətlərini göstərə bilmək üçün göstərdikləri mübarizə onlarda qayğı və stres yaradır. Bu da bəzilərinin ilhamlarının tükənməsinə, yaxud yaradıcı bir insan kimi mənəvi olaraq tükənməyə gətirib çıxarır.
Gənc rəssamların yaradıcı məkan tapa bilməmələri onların öz əsərlərini tez və əskiksiz şəkildə tamamlayıb sərgilərə çıxmasına da maneə yaradır.
“Yer problemi rəssamın ilhamını azalda bilər. Bir küncdə işləmək ətrafın, işıqlandırmanın, atmosferin uyğun olmadığı hallarda iş keyfiyyətini aşağı sala bilər. Amma həm də düşünürəm ki, bunlar inkişaf etməyə mane olmamalıdır. Emalatxana olmayanda rəssmların biri-biri ilə ünsiyyəti, ortaq layihələrə qoşulması da çətinləşir”, - rəssam Xədicə Məmmədzadə belə deyir.
Sənətşünas Ü.Əliyeva sənətçilərin dəstəyə ehtiyacı olduğunu düşünür, amma həm də bildirir ki, istənilən mənbədən gələn dəstək rəssamın sərbəstliyini əlindən almamalı, yaradıcılığı hər hansı çərçivələrə salınmamlıdır:
“İnstitutlar rəssamlar üçün maliyyə gərginliyi olmadan işləmək imkanı yaradan əlverişli və ya subsidiyalı məkanlar təqdim edə bilər. Eyni zamanda sənət sahələrinin inkişafı üçün nəzərdə tutulan qrantların, maliyyələşdirmə proqramlarının və ya yerli müsabiqələrin yetərincə olması və təbii ki, onların şəffaflığı, uğur əldə edən sənətçilərin emalatxana kirayəsi kimi bir sıra zəruri xərclərinin maliyyələşdirilməsindəki bəzi çətinliklərini yüngülləşdirə bilər”.
Məmmədzadə də dövlətin yaradıcı məkanlar üçün güzəştlərin tətbiqi yolu ilə sənətçilərin inkişafına kömək edə biləcəyini düşünür.
Əliyeva yerli rəssamların yetərincə dəstəklənməməsinin ölkənin yaradıcı potensialının itirilməsi ilə nəticələnə biləcəyini deyib. O, həm də təklif edib ki, dövlət nəzdindəki mədəniyyət evlərində emalatxanalar yaradıla bilər:
Bu yalnız paytaxta deyil, digər regionlarımıza da şamil ediləsə, daha məqsədəuyğun olar.
İcarə xərclərini kompensasiya etməyə kömək olacaq emalatxanaların yaradılması və saxlanmasının maliyyələşdirilməsinə yönəlmiş qrantların, eyni zamanda rəssamların layihələri üzərində uzun müddət işləmələri üçün xüsusi studiya məkanı, resurslar və maliyyə təmin edən rəssam rezidentura proqramlarının inkişafı da bu baxımdan vacibdir”.
Sənətşünas incəsənət icmalarının da burada mühüm rol oynaya biləcəyini bildirib:
“Sənətçilərin icma olaraq bir araya gələrək müştərək emalatxanalar yaratmalarını təşviq edən təşəbbüslər irəli sürülə bilər. Bu cür təşəbbüslər rəssamların yaradıcılıq mühitini yaxşılaşdıraraq, onların inkişafına müsbət təsir edər. İcma sənəti rəssamların bir araya gələrək resursları paylaşmasına və kollektiv yaradıcılıq mühitinin formalaşmasına kömək edir. Bu həm də yerli cəmiyyətin mədəniyyətini gücləndirir, insanları bir araya gətirərək yaradıcı prosesləri dəstəkləyir. İcma layihələri gənc sənətçilərə mentorluq imkanı təqdim edib, cəmiyyətin sənətə olan marağını artırmağa dəstək ola bilər. Nəticədə, bu, daha geniş kütlə ilə əlaqə qurmağı və sənətin sosial təsirini artırmağı təmin edir.
Bütün bunlarla yanaşı, yenidən vurğulamaq istərdim ki, istənilən mənbədən gələn dəstək rəssamın sərbəstliyini əlindən almamalı, yaradıcılığı hər hansı çərçivələrə salınmamlıdır. Əks təqdirdə, sənətçi maliyyə dəstəyi qarşılığında sənətini istədəyi formada ifadə edə bilmək azadlığından məhrum olan birinə çevrilər. Bu isə yerli incəsənət məkanında azad sənətçi anlayışını boğur, müasir incəsənətimizin inkişafına mənfi təsir göstərir”.