İsrailin hava zərbələrinin ardınca İran öz hava məkanını bağlayıb.
Bu barədə ölkənin mülki aviasiya idarəsi xəbər yayıb.
Açıqlama İsrail qüvvələrinin İran daxilində hərbi hədəflərə zərbələr endirməyə başlamasından sonra verilib.
Verilən açıqlamaya görə, hava məkanı yerli vaxtla səhər saat 9-dək bağlı qalacaq.
Baş verənlərin ardınca İraq da öz hava məkanını bağladığını elan edib.
İraq rəsmiləri bu addımı təhlükəsizliklə əsaslandırıblar.
Verilən bildirişə görə, İraqda hava məkanı yerli vaxtla səhər saat 11-dək qapalı qalacaq.
İran mediası paytaxt Tehran və Kərəc şəhərləri yaxınlığında bir neçə partlayışın baş verdyini xəbər verib.
İsrail Müdafiə Qüvvələri (İMQ) X platformasında yazılan mesajda İranda “hərbi hədəflərə dəqiq zərbələr” endirildiyini bildirib, lakin təfərrüata varmayıb.
“İranda rejim və onun regiondakı proksiləri oktyabrın 7-dən bəri durmadan müxtəlif cəbhələrdə, o cümlədən İran torpaqlarından İsrailə hücumlar ediblər. Dünyada bütün başqa suveren dövlətlər kimi İsrail Dövlətinin cavab vermək hüququ və borcu var,” yayılan açıqlamada deyilir.