Tramp Harrisi Qarabağ ermənilərinin taleyi ilə bağlı fəaliyyətsizlikdə günahlandırdı

Respublikaçıların prezidentliyə namizədi və sabiq ABŞ Prezidenti Donald Tramp öz sosial media platformasında yazdığı mesajda siyasi rəqibi, vitse-prezident Kamala Harrisi Qarabağın erməni əhalisindən boşaldılması ilə bağlı əməli addım atmamaqda günahlandırıb. Truth Social platformasında yazdığı mesajda Tramp bildirib ki, Harris ABŞ prezidenti olacağı təqdirdə dünya boyu xristianlar təhlükəsiz olmayacaqlar.

“120 000 xristian erməni dəhşətli şəkildə təqib olunaraq zorla Artsaxdan çıxarıldığı halda Kamala Harris HEÇ NƏ etmədi”, Tramp yazıb.

O əlavə edib ki, prezident seçilərsə, "zorakılıqlara və etnik təmizləməyə" son qoymaq yönümündə işləyəcək, Ermənistan və Azərbaycan arasında sülhü bərqərar edəcək.

Azərbaycanın hərbi qələbəsi ilə nəticələnən İkinci Qarabağ Müharibəsi Donald Tramp administrasiyası dönəmində baş vermişdi.

23 sentyabrda yaydığı bəyanatda Demokrat namizəd Harris erməni icmasına müraciətində “Ermənistanı dəstəkləyəməyi davam etdirəcəyini” və Qarabağ ermənilərinin legitim olaraq “təhlükəsiz qayıtmaq” hüququna malik olduğunu bildirmişdi.

Erməni diasporunu təmsil edən Amerikanın Ermənistan Milli Komitəsi (ANCA) Harrisin bəyanatını tənqid edərək, onun “2023-cü ildə Azərbaycanın təcavüzünə qarşı barmaq qaldırmadığını və heç səsini də çıxarmadığını” qeyd edib.

Təşkilatın direktoru Aram Hamparyan habelə Trampın 5 noyabr prezident seçkilərindən iki həftə öncə verdiyi bəyanatı pisləyib.

Trampı prezident olduğu dönəmdə “ABŞ-ın Azərbaycana hərbi yardımını əsaslı şəkildə artırmaqda” ittiham edən Hamparyan sabiq ABŞ prezidentini kampaniya bəyanatlarından əməli fəaliyyətə keçməyə çağırıb.

Bu günlərdə ABŞ Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə Ermənistanla sülh sazişi sahəsində real addımların atılmasının lazımlığı əks olunan məktub göndərib.

Prezident Baydenin məktubunu oktyabrın 21-də Azərbaycanda səfərdə olan ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenter Prezident İlham Əliyevə təqdim edib.

Prezident Baydenin Azərbaycan Prezidentinə ünvanladığı məktubda deyilir ki, iki ölkə arasında münasibətlərin normallaşdırılmasına xidmət edəcək sülh sazişinin yekunlaşdırılması istiqamətində Azərbaycanın və Ermənistanın əldə etdiyi davamlı tərəqqidən məmnundur.

“Sizi əmin etmək istəyirəm ki, əsrlər boyu davam edən münaqişəyə nəhayət son qoyacaq ABŞ Azərbaycan ilə Ermənistan arasında dayanıqlı və ləyaqətli sülhün əldə edilməsinə dəstək verməyə hazırdır,” Bayden bildirib.