Avropa İnsan Haqları Məhkəməsi oktyabrın 24-də Azərbaycandan göndərilmiş 17 ərizə üzrə 5 qərar və qərardadını elan edib.
Bu barədə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının Monitorinq qrupunun rəhbəri Xalid Ağaliyev Amerikanın Səsinə bildirib.
Onun sözlərinə görə, ərizələrin hamısında iddia olunan pozuntular tam və ya qismən tanınıb. Bir işdə hökumət iddia olunan pozuntuları etiraf edib.
Hüquqşünas deyir ki, Seymur Həziyev Azərbaycana qarşı məhkəmə işi jurnalist olan ərizəçinin xuliqanlığa görə cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlıdır.
Yerli məhkəmə ərizəçini (xuliqanlıq) maddəsi ilə təqsirli sayaraq, 5 il müddətinə azadlqıdan məhrum edib. Yuxarı məhkəmələr həmin hökmü dəyişməyib.
Barəsindəki bütün icraatların ədalətsiz və özbaşına olduğunu iddia edən ərizəçi AİHM qarşısında ədalətli məhkəmə araşdırması və ifadə azadlığı hüququnun pozuntusunu mübahisələndirmişdi.
AİHM məhkəmə prosesinin ədalətsiz və özbaşına məzmun daşıması iddialarını qəbul edib, ərizəçinin Konvensiyanın 6-cı maddəsi ilə qorunan haqlarının pozulmasına qərar verib. Qərara əsasən, ərizəçiyə ümumilikdə 4600 avro mənəvi zərər, xərc və məsrəf əvəzi ödənilməlidir.
AİHM-in digər bir qərarı isə Hafiz Babalı və başqaları Azərbaycana qarşı iş üzrədir.
Bu məhkəmə işi ərizəçilərin ictimai toplantı keçirməsinə icazə verilməməsi, habelə, bununla bağlı məhkəməyə çıxış imkanlarının önlənməsi ilə bağlıdır.
Ərizəçilər AİHM qarşısında ədalətli məhkəmə araşdırması və toplaşmaq hüququnun pozuntusunu mübahisələndirmişdi. AİHM iddia edilən hər iki pozuntunu tanıyıb.
Qərara əsasən, ərizəçilərə (H.Babalı, Məmməd Əhmədov, Fəxrəddin Allahverdiyev, Cahangir İsmayılov, Vüqar İsmayılov) birlikdə 5 min 800 avro mənəvi zərər, 1500 avro xərc və məsrəf əvəzi ödənilməlidir.
Xalid Ağaliyevin sözlərinə görə, Hacıbaba Əzimov və başqaları Azərbaycana qarşı məhkəmə işi isə Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə yeni park komplekslərinin tikintisi zamanı park salınacaq ərazilərdəki yaşayış və qeyri-yaşayış sahələrinin, sakinlərin köçürülməsi zamanı pozuntulara yol verilməsi ilə bağlı idi.
Qeyd olunan ərazilərdə əmlakı olan ərizəçilər sökülmə-köçürülmə prosesi zamanı onların Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 8-ci (şəxsi həyata hörmət) və habelə, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə (mülkiyyət hüququ) qorunan hüquqlarının pozulmasından şikayət edirdilər.
AİHM ərizəçilər H.Əzimov, Malik Əliyev, Famil Qasımov, Malik Musayev (1), Elşad Məlikzadə, Malik Musayev (2), Elnur Hüseynova münasibətdə mülkiyyət hüququnun pozuntusunu tanıyıb. Məhkəmə həmçinin barəsindəki daxili məhkəmə qərarlar icra edilməməsi səbəbindən Malik Musayevin hər iki işində ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına qərar verib.
Məhkəmə bu işdə ədalətli əvəzin müəyyən edilməsi ilə bağlı qərar verməyə hazır olmadığını ifadə edib, tərəflərə razılaşma üçün 3 ay vaxt verib. Həmin müddət çərçivəsində razılaşma olmazsa, ədalətli əvəzin ödənilməsi ilə bağlı qərar veriləcək.
Ərizəçilər AİHM qarşısında ümumilikdə 2 milyon 101 min 602 manat, 1 milyon 715 min 829 avro məbləğində maddi, mənəvi, hüquqi xərclər və əldən çıxmış fayda əvəzi təzminat tələbi irəli sürüblər.
Ağayev və Zülfüqarzadə Şirkəti Azərbaycana qarşı üzrə isə AİHM bu işdə mülkiyyət və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulmasına qərar verib.
Ərizəçi məhkəmə qarşısında ümumilikdə 800 min avro məbləğində maddi və mənəvi zərər əvəzi tələb edib. Ədalətli əvəzin müəyyən edilməsi ilə bağlı qərar verməyə hazır olmayan məhkəmə tərəflərə razılaşma üçün 3 ay vaxt verib. Həmin müddət çərçivəsində razılaşma olmazsa, ədalətli əvəzin ödənilməsi ilə bağlı qərar veriləcək.
Ərizə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ərizəçi şirkətin və iki fiziki şəxsin şərikli mülkiyyətində olan evin və onun altındakı və ona əlavə edilmiş torpaq sahəsinin qanunsuz olaraq özgəninkiləşdirilməsi iddiaları ilə bağlı idi.
Ərizəçiləri AİHM qarşısında vəkil Fuad Ağayev təmsil edib.
Namizəd Səfərov və başqaları Azərbaycana qarşı üzrə isə 7 ərizə birləşdirilib. AİHM-ə 2021-ci ildə təqdim edilmiş ərizələrdə ərizəçilər dinc toplantıların keçirilməsinə imkan verilməməsi və başqa məhdudiyyətlərin onların Konvemsiyanın 11-ci maddəsi ilə təminat altına alınan toplaşmaq hüququnu pozmasından şikayət etmişdilər. Ərizəçilər həmçinin iddia etdikləri pozuntulara qarşı effektiv müdafiə vasitələrinə malik olmadıqlarını mübahisələndirmişdilər.
AİHM bu işdə kommunikasiya zamanı hökumətin təqdim etdiyi təktərəfli bəyannaməni qəbul edib. Hökumət həmin bəyannamədə iddia olunan pozuntuları etiraf edib, ərizəçilərə ədalətli əvəz ödəmək öhdəliyi götürüb. Qərardada əsasən, ərizəçilərdən Aygül Cəfərova, Rəbiyyə Məmmədova və Gülnarə Mehdiyevaya birlikdə 1350 avro məbləğində mənəvi zərər, 225 avro məbləğində xərc və məsrəflər əvəzi ödənilməlidir.
Digər işlərdə ərizəçilərdən Vəfa Rüstəm, Rəbiyyə Məmmədova, Nurəddin Məmmədli, Eldəniz Quliyev, Rövşən Əhmədli və Namizəd Səfərovun hər birinə 1350 avro məbləğində mənəvi zərər, 225 avro xərc və məsrəf əvəzi ödənilməlidir.