Oktyabrın 27-nə keçən gecə Bakıda yol nəqliyyatının hərəkətinə saat 02:30-dan 05:30-dək məhdudiyyət qoyulacağı bildirilir.
"COP29 Azərbaycan Əməliyyat Şirkəti"nin mətbuat xidmətinin məlumatına görə, məhdudlaşdırma yol nəqliyyatının monitorinqi məqsədilə aparılacaq:
"COP29 konfransına hazırlıq prosesi çərçivəsində tədbir müddətində yol hərəkətinin fasiləsiz və təhlükəsiz şəkildə təşkili məqsədilə paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər davam etdiriləcək. Monitorinqlərin aparılması məqsədilə şəhərin bəzi küçələrində nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək, daha ətraflı məlumat yaxında açıqlanacaq".
COP29 2024-cü il noyabrın 11-dən 22-dək Bakı Stadionunda keçiriləcək.
Bu müddət ərzində Bakı və ətraf rayonlarda orta məktəblərdə payız tətilinin vaxtı dəyişdirilib.
Nazirlər Kabinetinin qərarına əsasən universitetlərdə dərslər distant (məsafədən) keçiriləcək.
Qərara əsasən, ölkənin ümumi təhsil müəssisələrində payız tətilinin vaxtı dəyişdirilərək noyabrın 12–22-nə keçirilib.
Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən peşə, orta ixtisas və ali təhsil məktəblərində isə noyabrın 12-dən 22-dək dərslər distant keçiriləcək.
COP29-a görə paytaxtda şadlıq saraylarının fəaliyyəti noyabrın 8-dən 22-dək dayandırılacaq.
Müxtəlif iaşə obyektlərində, gözəllik salonlarında və s. eynilə iş olmayacağı bildirilir.
Beynəlxalq təşkilatlar və Avropa İttifaqının bəzi ölkələri bu tədbirin neft-qaz ixrac edən, OPEC+ ölkəsi olan Azərbaycanda keçirilməsinə isti baxmır.
Həmçinin Azərbaycandakı müstəqil ekspertlər hesab edirlər ki, bu, indiyədək ölkənin ev sahibliyi edəcəyi ən böyük tədbirdir və Bakı buna infrastruktur baxımından hazır deyil.