Leysan yağışlar Bakıda fəsadlar törədib, iki nəfər ölüb

Bakıda güclü yağış nəticəsində Heydər Əliyev prospektinin Bağırov körpüsü ərazisindəki tuneli su basıb (22 oktyabr, 2024)

Oktyabrın 21-də axşamdan başlayan leysan yağışları nəticəsində Bakının bir sıra rayonlarında ciddi fəsadlar yaranıb. Sel suları nəqliyyatın intensiv hərəkətində fasilələrin yaranmasına səbəb olub.

Rəsmi məlumatlara görə, tuneldə qalan iki nəfər boğularaq ölüb. Yasamal rayonunda köhnə ikimərtəbəli fərdi evin çökməsi nəticəsində insanlar təxliyə edilib.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri ümumilikdə 31 nəfəri təhlükəsiz əraziyə təxliyə edib.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Bakı şəhərində və ətraf ərazilərdə çoxsaylı evlərə, həyətlərə su dolub. Yol keçidlərinə, tunellərə su dolduğundan nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Elə yerlər olub ki, suyun səviyyəsi bir metrdən çox olub.

Fövqəladə Hallar Nazirliyi bildirir ki, hazırda suyun çəkilməsi tədbirləri davam etdirilir.

Bakıda yağışdan sonra tuneli su basıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı 86 millimetr (aylıq normanın 306 %-i) təşkil edib.

“Yağan intensiv yağıntılarla əlaqədar Bakı şəhəri və Abşeron rayonu ərazisində su basmış ərazilərdə yaranan problemlərin aradan qaldırılması üçün aidiyyəti qurumlar birgə tədbirlər həyata keçirir. Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə ilə əlaqədar ərazilərə cəlb olunub, su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini təmin edir. Bakı Şəhər İcra Hakimiyyəti subasma ilə bağlı şəhər ərazisində, xüsusilə körpü, tunel və keçidlərdəki zəif nöqtələrin müəyyən edilməsi istiqamətində araşdırmalar aparıb. Şəhərdəki körpü, tunel və keçidlərdəki su nasoslarının gücləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib”, rəsmi məlumatda qeyd edilir.