"Meduza": Federal Penitensiar Xidmət qəsdən Navalnı üçün dözülməz şərait yaradıb

Aleksey Navalnının həbs müddətinin çox hissəsini keçirdiyi Vladimir vilayətindəki İK-6-nın əməkdaşları onun cəza kamerasına salınması üçün sənədləri saxtalaşdırıb, müxalif siyasətçinin vəkilləri ilə ünsiyyətinə mane olub və bir dəfə onu döyüblər. Bu barədə koloniyanın rəsmi arxivinə giriş əldə edən “Meduza” (Rusiyanın Lenta.ru xəbər saytının əməkdaşları tərəfindən yaradılmış onlayn nəşr) məlumat yayıb.

Söhbət Navalnının iddialarında vəkil kimi koloniyanın maraqlarını təmsil edən İk-6 əməkdaşı İlya Kruqlışevin yazışmalarından gedir. Navalnının ölümündən sonra Avropa İttifaqı Kruqlışevə qarşı sanksiyalar tətbiq edib.

Arxivə giriş jurnalistlərə anonim mənbə tərəfindən verilib, lakin onlar elektron imzaları təhlil edərək sənədlərin həqiqiliyini təsdiq edə biliblər.

Koloniya əməkdaşlarının “Meduza”nın əldə etdiyi yazışmalar əsasən koloniya rəhbərliyinin Navalnının və vəkillərinin bitib-tükənməyən iddialarına cavablarından ibarət olub. Kruqlışev bu məktubları “Navali” adlı xüsusi qovluğa yerləşdirib.

Sızıntıya əlavə sənədlər də daxildir: iddiaların mətnləri və məhkəmə qərarları, tibbi arayışlar, xarakteristikalar, məhbuslarla görüş jurnalları. Navalnının tərəfdaşları hesab edirlər ki, Navalnı üçün “işgəncə şəraiti kompleksi” yaradan Kruqlışev olub və o,siyasətçinin qondarma bəhanələrlə FCT (kamera tipli otaq), SUS (ciddi həbs şərtləri) və ŞİZO-ya (cəza kamerası) salınmasına görə məsuliyyət daşıyır.

Kruqlışevin məktublarından belə çıxır ki, Federal Penitensiar Xidmətinin əməkdaşları Navalnı ilə bağlı bir sıra qərarları əsaslandırmaq üçün sənədləri saxtalaşdırıblar. Məsələn, Navalnı növbəti dəfə cəza kamerasına yerləşdirildiyi gün gəzintiyə çıxmaqdan imtina ilə bağlı məhkəmədə etiraz edəndə Federal Penitensiar Xidmətinin əməkdaşları iki sənəd tərtib ediblər. Birində deyilib ki, gündəlik cədvəl gəzintiyə imkan vermir, ikincisində isə deyilir ki, guya məhbus özü gəzintidən imtina edib.

Navalnının əl yazılarında cəza kamerasına salınmasının səbəbləri də göstərilib xalatın ölçüsü kiçik olduğu üçün yaxasının düymələrini açması və ya qollarını qatlaması. Sənədlərdən belə çıxır ki, koloniya işçiləri Navalnının sosial şəbəkələrində siyasətçinin koloniyada olarkən ortaya çıxan yazılarını görüblər. Senzorlar məhbusun yazışmalarını araşdırıb və belə qənaətə gəliblər ki, yazıların mətnləri vəkillər vasitəsilə ötürülür. Bundan sonra koloniyanın rəhbərliyi işçilərə “Navalnının işlərinə aid olmayan” sənədləri koloniyaya buraxmamaq səlahiyyəti verib. Bundan əlavə, İK-6 əməkdaşları görüş otağında vəkillə müştərini ayırmaq üçün şəffaf arakəsmə yerləşdirib, həmçinin sənədlərin ötürüldüyü yeri bağlayıb. Həmin vaxt Navalnı artıq terrorizmlə bağlı cinayət işində ittiham olunurdu. Navalnının vəkili Olqa Mixaylova bildirib ki, belə şəraitdə iş üzrə sənədləri mübadilə etmək mümkün deyildi.

Vladimir vilayətindəki İK-6-da olduğu müddətdə Aleksey Navalnı cəza kamerasına 23 dəfə salınıb və ümumilikdə 300 gündən çox təcridxanada olub. Sənədlər göstərir ki, Navalny ən azı beş dəfə yüksək qan təzyiqi ilə cəza kamerasına göndərilib; Navalnının səhhətindəki problemlər onun tərəfdarları və vəkilləri tərəfindən dəfələrlə qeyd edilib.
Koloniyada siyasətçiyə təcili yardım çağırsalar da, lazımi dərmanlar verilməyib və müstəqil həkimlərlə məsləhətləşməsinə icazə verilməyib. Bir dəfə onu cəzaçəkmə kamerasına yerləşdirən zaman məhbus otağa girmək istəmədiyi üçün məmurlar Navalnının qolunu arxadan burub, bud nahiyəsindən vurublar. İmtina səbəbi Navalnının kamera yoldaşının şəxsi gigiyena qaydalarına əməl etməyən Tatarçenko adlı məhbus olması olub.

Aleksey Navalnı 2024-cü il fevralın 16-da IK-6-dan köçürüldüyü Yamalo-Nenets Muxtar Dairəsinin Xarp şəhərindəki “Qütb canavarı” koloniyasında vəfat edib.

Navalnının dul arvadı və tərəfdaşları əmindirlər ki, siyasətçi Vladimir Putinin göstərişi ilə öldürülüb. Kreml Navalnının ölümündə əli olduğunu inkar edir.