Vəkil inzibati həbsə məhkum edilən AXCP fəalının işindən apellyasiya şikayəti verəcək

Tehran Abdullayev (Mənbə: Sosial şəbəkə)

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Suraxanı rayon şöbəsinin fəalı Tehran Abdullayev Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində saxlanılır.

Bu barədə vəkil Nemət Kərimli oktyabrın 21-də onunla görüşəndən sonra Amerikanın Səsinə deyib.

Vəkilin sözlərinə görə, Abdullayev saxlanılmasının siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib.

“Tehran Abdullayev bildirdi ki, oktyabrın 15-də tikinti materialları mağazasından material alarkən polis əməkdaşı ona yaxınlaşaraq fotosunu çəkdiyini bildirib. Abdullayev isə tikinti mağazasında material aldığını və hər hansı polis əməkdaşını görmədiyini deyib. O bildirib ki, əgər polis əməkdaşını görməyibsə onun fotosunu necə çəkə bilər? Buna baxmayaraq polis əməkdaşları onu saxlayaraq Bakının Nəsimi Rayon Polis İdarəsnin 20-ci Polis Bölməsinə aparıblar. Nəsimi rayon Məhkəməsi fəalı 20 sutka inzibati həbsə məhkum edib. Abdullayev hətta İnziabati Xətalar Məcəlləsinin hansı maddəsi ilə ona qarşı ittiham irəli sürüldüyünü belə bilmir”, vəkil qeyd edib.

Nemət Kərimli Tehran Abdullayevin saxlanılan zaman fiziki təzyiqə məruz qalmadığını və Nəsimi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verəcəyini bildirib.

AXCP-nin məlumatına görə, Tehran Abdullayev oktyabrın 15-də saxlanılıb və onun saxlanılması barəsində yalnız oktyabrın 18-də öyrənmək mümkün olub.

Bununla yanaşı, Daxili İşlər Nazirliyi fəalın saxlanılması ilə bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.