İsrail hökuməti bildirib ki, şənbə günü baş nazirin evinə doğru dron atılıb, amma xəsarət alan yoxdur.
Hizbullahın döyüşlərdə yeni mərhələyə başladığını elan etməsindən bir gün sonra İsrail ordusu Livandan onlarla mərmi atıldığını bildirib. Netanyahunun ofisi bildirib ki, dron onun Aralıq dənizi sahilindəki Qeysəriyyə şəhərindəki evini hədəf alıb. Nə baş nazir, nə də həyat yoldaşı həmin vaxt evdə olub, xəsarət alan da omayıb. Evin vurulub-vurulmadığı bəlli deyil.
“Bu gün məni və həyat yoldaşımı öldürməyə cəhd edən İran proksiləri böyük səhv etdi,” Netanyahu deyib.
Hizbullah dron hücumunun məsuliyyətini üzərinə almayıb, amma İsrailin şimal və mərkəzinə bir neçə raket hücumu etdiyini bildirib. Hücumlar İsrailin həm Hizbullah, həm də HƏMAS-ı dəstəkləyən İranın bu ayın əvvəlində etdiyi hücuma cavab verməsi gözlənildiyi vaxta təsadüf edib.
İsrail isə öz növbəsində Beyrutun cənub ətrafında Hizbullahın ofislərinin sıx məskunlaşdığı Dahiyə kimi tanınan bölgəyə azı 10 hava hücumu həyata keçirib. Bu barədə Livan rəsmiləri məlumat verib. İsrail ordusu Hizbullahın hədəflərini vurduğunu bildirib.
Qəzzada İsrail qüvvələri fələstinli anklavın darmadağın edilmiş şimal hissəsində xəstəxanaları atəşə tutub. Xəstəxana rəsmiləri və Associated Press-in oradakı müxbirinin verdiyi məlumata görə, zərbələr 24 saatdan az müddətdə uşaqlar da daxil olmaqla 50-dən çox adamın ölümünə səbəb olub.
İranın xarici işlər naziri Abbas Əraqçi Türkiyəyə səfəri zamanı deyib ki, “Regionda müharibə ehtimalı ciddi narahatlıq olaraq qalır. Böyük Yeddilər qrupunun müdafiə nazirləri eskalasiyaya və "tam-miqyaslı müharibə" əleyhinə xəbərdarlıq edib.”
Həmas və Hizbullah ABŞ, Böyük Britaniya və digər Qərb ölkələri tərəfindən terror qrupları kimi tanınıb.
Livandan zərbələr İsrailin şimalını hədəf alır
İsrail və Hizbullah arasında müharibə şiddətlənib. Hizbullah cümə günü bildirib ki, İsrailə daha çox idarə olunan raketlər və partlayan dronlar göndərməyi planlaşdırır. Militant qrupun uzun müddətdir lideri olan Həsən Nəsrullah sentyabr ayında İsrailin hava hücumu nəticəsində öldürülüb və İsrail bu ayın əvvəlində Livana quru qoşunları göndərib.
İsrail ordusu şənbə günü Livandan 180-ə yaxın mərmi atıldığını bildirib. İsrailin tibbi xidmətlərinin bildirdiyinə görə, 50 yaşlı kişi İsrailin şimalında qəlpələrə tuş gəlib və ölüb, daha 4 nəfər isə yaralanıb.
Şimaldakı Kiryat Ata şəhərinə bir raket düşüb. Hayfa bölgəsinin komandiri İtzik Billet 9 nəfərin yüngül xəsarət aldığını bildirib.
Livanın dövlət Milli Xəbər Agentliyinin bildirdiyinə görə, İsrailin şərqdə Baalul kəndindəki mənzilə endirdiyi hava hücumunda yaxınlıqdakı Sohmor kəndinin meri də daxil olmaqla 5 nəfər həlak olub. İsrail ordusunun rəsmisi İsrail Müdafiə Qüvvələrinin Bekaa vadisindəki hədəfləri vurduğunu təsdiqləyib.
Livanda səhiyyə nazirliyi İsrailin şənbə günü hava hücumu nəticəsində Beyrutun şimalında əsas magistral yolda bir maşına zərbə endirildiyi, iki nəfərin öldüyünü bildirib.
İsrail demək olar ki, hər gün insanlara Livanın bəzi bölgələrində binaları və kəndləri tərk etmələri üçün xəbərdarlıq edir. Döyüşlər nəticəsində 1 milyondan çox insan, o cümlədən 400 mini uşaq didərgin düşüb.
İsrail həmçinin şənbə günü Bint Cbeil şəhərində Hizbullahın komandir müavinin öldürdüyünü bildirib. Ordu Nəssir Rəşidin İsrailə qarşı hücumlara nəzarət etdiyini bildirib.
İsrail Sinvarın cəsədini göstərən vərəqələr atıb
İsrail və HƏMAS bu həftə HƏMAS lideri Yəhya Sinvarın ölümündən sonra müharibənin sona çatdırılmasına müqavimət göstərdiklərinə işarə edib. Sinvar 2023-cü ildə HƏMAS-ın İsrailə 1200 nəfərin ölümünə və 250-yə yaxın insanın girov götürülməsi ilə nəticələnən hücumunun baş memarı olub. 100-ə yaxın girov hələ də Qəzzadadır, İsrail onlardan ən azı 30-nun öldüyünü bildirir.
İsrail ordusu şənbə günü Qəzzanın cənubuna Sinvarın alnından qan axdığını göstərən vərəqələr atıb. Vərəqədə "Sinvar sizin həyatınızı məhv etdi" yazılıb. "Kim silahını yerə qoyub qaçırılan insanları bizə qaytararsa, biz onun gedib, rahat yaşamasına icazə verəcəyik," deyilir.
HƏMAS atəşkəs əldə olunmayana və İsrail qoşunlarını geri çəkməyənə qədər girovların azad edilməyəcəyi ilə bağlı mövqeyini təkrarlayıb. Netanyahu bildirib ki, İsrail ordusu girovlar azad edilənə qədər döyüşəcək və o, çox zəifləmiş HƏMAS-ın yenidən silahlanmasının qarşısını almaq üçün Qəzzada qalacaq.
Qəzzanın səhiyyə rəsmilərinin bildirdiyinə görə, İsrailin Qəzzada əks-hücum nəticəsində yarısından çoxu qadın və uşaq olmaqla, 42 400-dən çox fələstinli həlak olub.
Şənbə günü Qəzzaya daha çox zərbə endirilib və fələstinli rabitə şirkəti Paltel bildirib ki, nəticədə şimalda internet şəbəkələri sıradan çıxıb.
Fələstinli səhiyyə nazirliyi verdiyi açıqlamada, İsrailin Beyt Lahiyadakı İndoneziya xəstəxanasının yuxarı mərtəbələrinə zərbələr endirdiyini, qüvvələrin xəstəxana binasına və həyətinə atəş açaraq xəstələr və tibb işçiləri arasında panikaya səbəb olduğunu bildirib.
İsrail ordusu İndoneziya xəstəxanasının yaxınlığında əməliyyat keçirdiyini və "oraya qəsdən atəş açılmadığını" bildirib.
Ordu Qəzzanın şimalındakı Cəbəliyədəki Əl-Avda xəstəxanasının ən üst mərtəbələrə endirilən zərbələr nəticəsində bir neçə əməkdaşın yaralandığına dair xəbərləri araşdırdığını bildirib. Ordu daha sonra bildirib ki, hərbçilərin təcili yardım maşını vurması nəticəsində bir tibb işçisi daxil olmaqla 4 nəfər yaralanıb.
Səhiyyə Nazirliyinin təcili yardım və fövqəladə hallar xidmətinin rəhbəri Fares Əbu Həmzə bildirib ki, gecə Cəbəliyyədə üç evin vurulması nəticəsində azı 30 nəfər ölüb, onların yarısından çoxu qadın və uşaqlardır. Ən azı 80 nəfər yaralanıb.
Fələstinli sakinlər bildiriblər ki, İsrail ordusu yüzlərlə köçkünü Cəbəliyyəni tərk edərək Qəzzaya getməyə məcbur edir.
Müharibə nəticəsində Qəzzada geniş ərazilər dağılıb, 2,3 milyonluq əhalinin təxminən 90 faizi didərgin düşün və onlar qida, su, dərman və yanacaq tapmaqda çətinlik çəkir.