Oktyabrın 18-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında İstanbulda "3+3" regional məşvərət platforması çərçivəsində görüş keçirilib.
Azərbaycan və Ermənistan Xarici İşlər Nazirliyi nazirlərin görüşünün yekunları ilə bağlı eyni məzmunlu məlumat yayıb.
"Tərəflər Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş ilə bağlı danışıqları davam etdirib, ən qısa zaman ərzində onun yekunlaşdırılması və bağlanması üçün daha çox səy göstərmək istiqamətində razılıq əldə ediblər. Tərəflər Türkiyənin qonaqpərvərliyini təqdir ediblər", məlumatda deyilir.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bundan öncə sentyabrın 26-da Nyu-Yorkda ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində görüşüb.
Görüşdə tərəflər mümkün qısa müddət ərzində sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər.