The Washington Post qəzetində oktyabrın 16-da dərc olunan redaksiya məqaləsində COP29 tədbirinin Azərbaycan keçirilməsi tənqid olunub.
Qəzetdə deyilir ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi ilə bağlı Çərçivə Konvensiyasına üzv ölkələr illik iqlim konfransına kimin ev sahibliyi edəcəyi barədə qərar verəndə, ölkənin infrastrukturu, iqlimlə bağlı öhdəlikləri, siyasi sabitlik və maliyyə resursları kimi kriteriyalar nəzərə alsa da, nə demokratiya, nə insan haqları – “nə də görünür, müəyyən bir rejimə imtiyaz verməyin təşkilatı və onun topladığı iqlim diplomatlarını utandıracağını nəzərə almır.”
Daha öncəki iki COP iqlim konfransının Birləşmiş Ərəb Əmirlikləri və Misirdə keçirildiyini qeyd edən qəzet yazır ki, “bu, artıq ard-arda üçüncü dəfədir ki, tədbir diktaturada və ikinci dəfədir ki, neft ölkəsində keçirilir.” Məqalədə bildirilir ki, Azərbaycan, paytaxt Bakıda iqlim dəyişikliyi ilə mübarizə üçün yeni maliyyə məqsədlərinin müəyyənləşdirilməsinə yönəldilməsi gözlənilən konfransa ev sahibliyi etməklə nüfuz qazanmağa çalışır. “Amma bu, Azərbaycanın qəddar despot, prezident İlham Əliyev tərəfindən idarə olunması faktını ört-basdır etməməlidir,” qəzetdə yazılır.
Bu ayın əvvəlində bir qrup ABŞ qanunvericisinin Dövlət katibi Antoni Blinkenə siyasi məhbusların azadlığa buraxılmasına çağırış etməsinə dair müraciət məktubu göndərdiyini, Azərbaycan prezidentinin isə bu müraciəti murdar adlandırdığı xatırladılır. Ancaq qəzet qanunvericilərin vurğuladqıları narahatlıqların real olduğunu bildirərək yazır ki, “Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı acınacaqlı vəziyyət geniş sübutlarla təsdiqlənir.”
Qəzetdə hazırda Azərbaycanda 23 etnik erməni siyasi xaidminin həbsdə saxlanıldığı bildirilir. Onların sırasında Qarabağda separatçı qurumda rəsmi mövqe tutmuş rusiyalı-erməni milyarder Ruben Vardanyanın adı qeyd olunur və onun saxlanma şəraitinə etiraz olaraq aclıq aksiyası keçirdiyi bildirilir.
Məqalədə həmçinin bu yaxınlarda Human Rights Watch and Freedom Now təşkilatlarının Azərbaycanda repressiya dalğası ilə bağlı birgə hesabatına istinad edilir və ölkədə 300-dən çox siyasi məhbusun olduğu qeyd edilir.
Qəzet xüsusi olaraq tanınmış iqtisadçı Qubad İbadoğlunun və Seçkilərin Monitorinqi və Demokratiya Araşdırmaları İnstututunun rəhbəri Anar Məmmədovun həbsinə diqqət yetirir. AXCP sədri Əli Kərimliyə qarşı “saxta böhtan və təhqir maddələri” ilə cinayət işi açıldığını bildirən məqalədə deyilir ki, “Cənab Əliyev ciddi siyasi rəqabətə dözməkdən imtina edir.”
“Cənab Əliyev müstəqil medianı da əzməyə çalışıb,” deyə yazan məqalədə Abzas Media and Toplum TV kimi media orqanlarının hökumətin hücumuna məruz qaldığı, hakimiyyətin 12 media işçisini və daha altı fəalı həbs etdiyi bildirilir.
Qəzet bildirir ki, COP29 bir iqlim konfrası olsa da və qlobal istiləşmə siyasətdən asılı olmayaraq bütün ölkələri əhatə edən və ümumi səy tələb edən bir problem olsa da, “bu, hər il xoşagəlməz rejimlərə nüfuz və legitimlik verməyi tələb etmir.” Qəzet iqlim sammitinə daimi ev sahibi olaraq, Kosta Rika kimi, daha güclü ətraf mühit və demokratik öhdəliklərə malik bir ölkəni seçməyi təklif edir.
Azərbaycanın dövlət başçısı İlham Əliyevin köməkçisi Hikmət Hacıyev “Newsweek” məcmuəsində dərc olunan məqaləsində bildirib ki, COP-a ev sahibliyi edən əksər ölkələr sammitdən əvvəl geosiyasi rəqibləri tərəfindən mənfi təbliğatla qarşılaşırlar.
“Biz COP29-un fərqli olacağını gözləmirdik. Bununla belə, tənqidlə yalan arasında fərq var: Güya Azərbaycan bizim beynəlxalq reputasiyamızı düzəltmək üçün COP-a ev sahibliyi edir – amma əslində bizim COP-u keçirməklə bağlı heç bir planımız yox idi, nə də buna inanmırdıq,” o deyib.
Hikmət Hacıyev bildirib ki, Azərbaycan “bu dəhşətli hücumları dəf edə bilər” və edəcək. “Ətraf mühitimizə əhəmiyyət verən hər hansı bir ölkənin və ya qrupun iqlim gündəmindən geosiyasi mənfəət üçün istifadə etməsi məqbul olmamalıdır,” o deyib.