Oktyabrın 14-də İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə İranın İRNA agentliyi prezidentin rəsmi saytına istinadən məlumat verib.
Məlumata görə, iki ölkənin tarixi və mədəni ortaqlığına toxunan Pezeşkian birgə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
O, Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmətlə yanaşmağın zəruriliyini vurğulayıb və bildirib ki, təhlükəsizlik və bununla bağlı məsələlər İran hökümətinin əsas siyasətidir.
Onun sözlərinə görə, Azərbaycanla münasibətlərin inkişaf etdirilməsi İran üçün çox əhəmiyyətlidir.
“Biz iki ölkə arasında dəmir yolu və avtomobil yollarının yaradılmasını alqışlayırıq, həmçinin enerji və kənd təsərrüfatı sahələrində əməkdaşlığın davam etdirilməsini və genişlənməsini istəyirik”, o deyib.
Tehranda Azərbaycan səfirliyinə hücum edən şəxsin cinayət işinin araşdırıldığına toxunan İran prezidenti bildirib ki, bu məsələ qanuni proseslər tam şəkildə icra olunana qədər diqqət mərkəzində saxlanılacaq.
Görüşdə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev də Azərbaycanın İranla iqtisadi, ticarət, enerji, mədəniyyət, tranzit, müştərək yol və dəmiryol xətlərinin təkmilləşdirilməsi, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu deyib.
Mustafayev bildirib ki, Azərbaycanın heç bir ölkəyə qarşı ərazi iddiası yoxdur və qarşılıqlı olaraq heç bir ölkənin Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiasını qəbul etmir. O, regionun problemlərinin region ölkələri arasında müzakirə yolu ilə həll oluna biləcəyini bildirib.
Mustafayev İranla əldə oluna öncəki razılaşmaların icra olunmasına Azərbaycanın hazır olduğunu bildirib və İran prezidentini yaxın gələcəkdə Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının 29-cu tərəfdaşlar konfransına (COP29) dəvət edib.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Amerikanın Səsinə İranın yeni prezidentinin dövründə qonşularla münasibətdə yeni nüanslar barədə deyib ki, ümumilikdə İranda azərbaycan əsilli Məsud Pezeşkiyanın prezident seçilməsi Azərbaycan Respublikasında böyük gözləntilər yaradıb.
“Təbrizin 17 il İran parlamentində millət vəkili, parlamentdə türk fraksiyasının üzvü, üstəgəl parlamentdə keçmiş çıxışlarında İran hökumətinin Türkiyə və Azərbaycana qarşı siyasətini tənqid etməsi gözləntilər yaradır ki, Pezeşkiyan Azərbaycanla münasibətləri normallaşdıracaq, inkişaf yolunu tutacaq, ortaq layihələr reallaşacaq. Bunlara müəyyən ümidlər var”, o qeyd edib.
Siyasi təhlilçinin fikrincə, Pezeşkiyan prezident seçildikdən sonra Azərbaycan Prezindenti İlham Əliyev də müsbət addım atıb.
“İranın keçmiş hakimiyyəti dövründə helikopter qəzasında həlak olan keçmiş xarici işlər naziri Azərbaycandan dəfələrlə xahiş edirdi ki, İranda Azərbaycan səfirliyinin fəaliyyəti bərpa edilsin. O zaman təhlükəsizlik səbəblərindən səfirliyin fəaliyyəti bərpa edilmədi. Amma Pezeşkiyan prezident seçildikdən sonra səfirlik fəaliyyətini bərpa etdi. Bu da Azərbaycan tərəfinin bir jesti idi. Həm də Prezident İlham Əliyev Pezeşkiyanı birinci təbrik edənlərdəndir”, o qeyd edib.
2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra İran-Azərbaycan münasibətlərində gərginlik yaranıb. Müharibədən sonra İran Azərbaycanla sərhəddə azı iki hərbi təlim keçirib. İran rəsmiləri Azərbaycana qarşı hədələyici bəyanatlarla çıxış edib. Buna cavab olaraq Azərbaycan da İranla sərhəddə iki dəfə hərbi təlimlər keçirib.
2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub. Hücum nəticəsində diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb. Tehran polisi şübhəli şəxsi həbs etdiyini bildirib.
İran rəsmiləri yanvarın 27-də baş verən hadisəni pisləyib və silahlı şəxsin siyasi deyil, şəxsi motivi olduğunu bildirib.
Bundan sonra Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tamamilə dayandırıb, ölkədəki bütün diplomatlarını çıxarıb.
Azərbaycan prezidenti İlham Əliyev silahlı hücumu terror aktı kimi qiymətləndirib.
2023-cü il aprelin 6-da Azərbaycan İran səfirliyinin 4 diplomatını ölkədən çıxarıb. İran isə həmin il mayın 5-də Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun 4 əməkdaşını ölkədən çıxardığını bildirib.
Beynəlxalq ictimaiyyət Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qınayıb və İrana Cenevrə Konvensiyasına uyğun olaraq ölkədəki xarici diplomatların qorunmasına dair öhdəliyini xatırladıb.
Birləşmiş Ştatlar Azərbaycanın Tehrandakı səfiriyinə hücumu pisləyib, diplomatlara və diplomatik nümayəndəliklərə qarşı hər hansı hücumun qəbuledilməz olduğunu bildirib.
İran Ədliyyə Nazirliyinin saytında verilən məlumata görə, 2024-cü ilin yanvarında cinayəti tərödən İran vətəndaşı Yasin Hüseynzadə barədə edam hökmü çıxarılıb. Diplomatik mənbələrdən Amerikanın Səsinə bəlli olduğuna görə, hökm hələ icra edilməyib.
Bununla yanaşı, son zamanlarda iki ölkənin xarici işlər naziri problemlərin həlli istiqamətində bir neçə telefon danışığı aparıb. İran xarici işlər naziri Azərbaycan Prezidenti tərəfindən qəbul edilib. Azərbaycan Prezidentinin xüsusi tapşırıqları üzrə nümayəndəsi İrana səfər edib.
Daha sonra iki ölkənin hərbi və hüquq mühafizə orqanlarının rəhbər şəxsləri arasında çoxsaylı görüşlər keçirilib.
Ötən il oktyabrın 6-da Azərbaycanla İranın sərhədindəki Ağbənd bölgəsində (Azərbaycanın Zəngilan rayonu) iki ölkə arasında sərhəd-keçid məntəqəsinin tikintisinə başlanılıb. Elə həmin gün Azərbaycanla bu ölkənin Naxçıvan Muxtar Respublikasını birləşdirəcək İran tərəfinin Araz dəhlizi adlandırdığı (Ağbənd-Culfa) dəmir yolu və avtomobil yolunun, həmçinin Araz çayının üzərində salınacaq körpünün layihələri razılaşdırılıb.
Həmçinin bu il Azərbaycanla İran sərhədində bir sıra birgə istifadə ediləcək obyektlər açılıb.