Oktyabrın 14-də Bakının Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə Aydın Əliyevin Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimliyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayətə baxış davam etdirilib.
Vəkil Fəxrəddin Mehdiyev Amerikanın Səsinə bildirib ki, bugünkü məhkəmə prosesində qarşı tərəf və onun vəkili prosesdə iştirak edib.
Məhkəmədə bir neçə vəsatətlər verilib. Hakim vəsatətlərin bəzilərini təmin edib.
Vəkilin sözlərinə görə, qarşı tərəf məhkəmə tərkibinə etiraz etsə də hakim vəsatəti təmin etməyib.
Müdafiə tərəfi ittihamın əsassız olduğu haqqında vəsatət və Kərimlinin ittiham olunduğu hərəkətləri törətmədiyi haqqında dəlillər təqdim edib.
Məhkəmə oktyabrın 22-də davam etdiriləcək.
Prosesdən sonra jurnalistlərə açıqlama verən AXCP sədri Əli Kərimli deyib ki, xüsusi ittiham tərəfi prosesin uzadılmasında maraqlıdır.
“Süni vasitələrlə uzadılır. Növbəti məhkəmə prosesi oktyabrın 22-nə təyin olunub. Biz həqiqətləri deyirik. Bizə bu həqiqətləri deməyi məhkəmələr, polislər, hətta azadlıqdan məhrumetmə cəzası ilə qadağan edə bilmirlər", Əli Kərimli deyib.
Onun sözlərinə görə, proses tamamilə uydurmadır və bu prosesin heç bir əsası yoxdur.
"Mən açıq bəyan edirəm. Nəyə görə partiya sədri olaraq, İlham Əliyevin rəqibi olaraq günüm bu məhkəmələrdə keçməlidir. Nəyə görə mənim ofisimin qapıları qaynaq edilməlidir. Digər ofisim partladılmalıdır? Niyə mənim 18 il pasportum olmamalıdır? Nəyə görə mən 4 il ərzində internetdən məhrum olmalıyam? Nəyə görə mənim ardıcıllarım kütləvi şəkildə həbs olunmalıdır? Ancaq ona görə ki, mən açıq bəyan edirəm ki, bu hakimiyyət Azərbaycan xalqını idarə edə bilmir. Onu dəyişmək lazımdır”, o əlavə edib.
Fərdi ərizəçi Əliyev Kərimlini Azərbaycan Cinatyət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə məsuliyyətə cəlb etməyi tələb edir.
İddiaçı Kərimlinin məhkəmənin AXCP-nin qurultayının qərarını ləğv etməsi haqqında şərhini "böhtan" adlandırır.
Xüsusən, Kərimliyə qarşı onun aşağıdakı fikirləri ilə əlaqədar iddia irəli sürülüb: "Partiyanın siyasi kursundan yayındığına və hakimiyyətlə əməkdaşlığa görə Azərbaycan Xalq Cəbhəsi Partiyasından xaric edilmiş Aydın Əliyev məhkəmənin qərarı ilə zorla Nəzarət-Təftiş Komissiyasının rəhbəri vəzifəsinə bərpa edilib... Partiyaya zorla bərpa edilmiş həmin şəxsin şikayəti əsasında 05.07.2024-cü il tarixində Nəsimi Rayon Məhkəməsi 24.06.2023-cü il tarixli qurultayın 287 "lehinə", bir "əleyhinə" səslə qəbul edilmiş qərarlarını etibarsız sayıb".
Kərimli iddianın əsassız olduğunu, "hakimiyyətin sifarişi ilə" məhkəmə tərəfindən qəbul edildiyini bildirib. Şikayət təmin edilsə, Kərimli 6 ayadək azadlıqdan məhrum edilə bilər.
Aydın Əliyev 1995-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasında fəaliyyət göstərib, 27 sentyabr 2015-ci ildə AXCP-nin qurultayında Nəzarət Təftiş Komissiyasına (NTK) üzv, sonra sədr seçilib. Onun sözlərinə görə, NTK sədri seçilməsi Əli Kərimlinin ürəyincə olmayıb və onun normal fəaliyyətinə imkan verməyib.
AXCP Ali Məclisinin Rəyasət Heyətinin ümumi yığıncağının 10 iyun 2019-cu il tarixli qərarı ilə Əliyev partiya sıralarından kənarlaşdırılıb.
Aydın Əliyev bundan öncə də məhkəməyə müraciət edib. Onun ümumi yığıncağın qərarının ləğv edilməsi, AXCP üzvlüyünə və AXCP Nəzarət Təftiş Komissiyasının sədri vəzifəsinə bərpa olunması iddiası ilə Nəsimi Rayon Məhkəməsində qaldırdığı iddia 2020-ci ilin iyun ayında təmin edilib. Əli Kərimli həmin qərardan şikayət verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.