Ərdəbildə siyasi fəal Abbas Lisani cərimə cəzasına görə icra şöbəsinə çağırılıb

Abbas Lisani, siyasi fəal

Ərdəbil şəhərinin sakini, tanınmış siyasi fəal Abbas Lisani “cərimə ödəmək üçün” Ərdəbil İnqilab Məhkəməsinin icra şöbəsinə çağırılıb.

Amerikanın Səsinin surətini əldə etdiyi çağırış vərəqəsində siyasi fəalın 10 gün içərisində icra şöbəsinə müraciət etməli olduğu qeyd edilib.

Sənəddə yazılıb ki, “siz işinizlə bağlı, 10 gün içərisində cərimə ödəmək üçün bu şöbədə hazır olmalısınız. Qeyd edilir ki, cəriməni ödəmək üçün vaxtında müraciət edərək 20 faiz endirim ehtimalından faydalana bilərsiniz. Cərimənin vaxtında ödənilməməsi qanuni ölçülər ilə nəticələnəcək.”

Çağırış vərəqəsində cərimə cəzasının səbəbi və miqdarı ilə bağlı məlumat verilməyib. Ancaq, Lisaninin daha əvvəl məhkum olduğu, lakin, boyun əymədiyi, Yəzd şəhərində 2 il 8 ay məcburi iqamət cəzasının əvəzi olaraq cərimə ödəməli olduğu təxmin edilir.

Lisani avqust ayının 31-də Ərdəbildəki evində nəzarət altına alınaraq sürgün cəzasının icrası üçün Yəzd şəhərinə göndərilmişdi. Ancaq, məmurlar müşayiəti ilə Yəzd şəhərinə aparılan türk fəal daha sonra Ərdəbilə qayıdıb.

Siyasi fəal 2023-cü ilin fevral ayında 4 ildən artıq həbsdən sonra sərbəst buraxılmasının ardınca 2 illik əlavə sürgün cəzasının icrası üçün polis müşayiəti ilə İranın Yəzd şəhərinə göndərilmişdi. Ancaq o, qısa müddət sonra vətəndaş itaətsizliyi olaraq sürgün cəzasını rədd edərək Ərdəbilə qayıtmışdı.

SEE ALSO: Abbas Lisani sürgün cəzasının icrası üçün Yəzd şəhərinə köçürülüb

Ərdəbil Məhkəməsi 2023 ilinin oktyabrında cəzaya boyun əymədiyinə görə siyasi fəalın cəzasını üçdə bir dəfə artıraraq onu Yəzd şəhərində 2 il 8 ay məcburi iqamət cəzasına məhkum edib. İranın İslami cəza qanunun 24-cü maddəsinə əsasən, əlavə cəzanı ikinci dəfə rədd edən şəxslər həbs və ya cərimə cəzası ilə qarşılaşa bilər.

Abbas Lisani göstərdiyi fəaliyyətlər səbəbilə təqribən 20 il ərzində dəfələrlə həbs, mühakimə, təhdid və digər təzyiqlərə məruz qalıb. O, Təbriz, Əhər, Ərdəbil, Yəzd və Şiraz kimi şəhərlərin həbsxanalarında illərlə həbsdə saxlanılıb. Siyasi fəal həbsdə saxlanıldığı dönəmlərdə işgəncəyə məruz qaldığını bildirib.