FTB rəsmilərin ABŞ-da seçki günü hücum planlandığını dedikləri əfqanı həbs edib

Ədliyyə Nazirliyi bildirib ki, Federal Təhqiqat Bürosu rəsmilərin İslam Dövləti yaraqlı təşkilatından ilhamlandığını və ABŞ-da böyük izdihamı hədəf alan seçki günü hücumu planlaşdırdığını dediyi əfqan şəxsi həbs edib.

Oklahoma ştatının Oklahoma Siti şəhərindən olan 27 yaşlı Nasir Əhməd Tövhedi bazar ertəsi həbs olunduqdan sonra müstəntiqlərə gələn ay seçki gününə təsadüf edəcək hücumunu planlaşdırdığını və ittiham sənədlərinə əsasən, özünün və bir azyaşlı sui-qəsdçinin şəhid kimi öləcəyini gözlədiyini deyib.

2021-ci ildə ABŞ-a xüsusi immiqrant vizası ilə daxil olan Tövhedi son həftələr AK-47 tüfəngləri sifariş etmək, ailəsinin əmlakını ləğv etmək və həyat yoldaşı və uşağının Əfqanıstana qayıtması üçün birtərəfli bilet almaq da daxil olmaqla, hücum planlarınn inkişafı üçün addımlar atmışdı.

"Terrorizm hələ də FTB-nin bir nömrəli prioritetidir və biz Amerika xalqını qorumaq üçün hər bir resursdan istifadə edəcəyik" - deyə, FTB direktoru Kristofer Uray bildirib.

Həbsdən sonra Tövhedinin müstəntiqlərə səsvermə günü daha çox insanın toplaşdığı yerləri hədəf alacaq bir hücum planlaşdırdığını Ədliyyə Nazirliyi bildirib.

Tövhedi ABŞ-ın xarici terror təşkilatı kimi tanıdığı İslam Dövləti qrupuna sui-qəsd və maddi dəstək verməyə cəhddə ittiham olunub. Onu müdafiə edəcək vəkilinin olub-olmadığı hələ məlum deyil.