"Birləşmiş Ştatlar Azərbaycanla ikitərəfli münasibətlərini yüksək qiymətləndirir".
Bu barədə Dövlət Departamentinin sözçüsü oktyabrın 8-də Turan Agentliyinin Vaşinqton müxbirinə rəsmi Bakının ABŞ və Qərbi düşməni kimi qələmə verməsi ilə bağlı sualına cavabında deyib.
“COP29-un uğurlu olmasına və ortaq iqlim və enerji məqsədlərinə nail olunmasına kömək etmək üçün Azərbaycanla əməkdaşlığımız bir nümunədir”, o deyib.
"Birləşmiş Ştatlar həmçinin Cənubi Qafqaz xalqları üçün sülh və firəvanlıq gətirəcək gələcək həyat üçün Ermənistan və Azərbaycan arasında ləyaqətli və davamlı sülhün əldə edilməsi səylərini dəstəkləməyə sadiqdir", sözçü yekunlaşdırıb.
Azərbaycan Milli Məclisinin 43 deputatı ABŞ-la iki sazişə xitam verilməsi, USAID-nin Azərbaycandakı layihələrinin dayandırılması barədə xarici işlər naziri Ceyhun Bayramova müraciət edib. Deputatlar həmçinin nazir Bayramovdan xahiş edib ki, ABŞ-la yeni müqavilələrin razılaşdırılması və qüvvədə olan müqavilələrin uzadılması üzrə danışıqları dərhal dayandırsın.
Milli Məclisin deputatlarının müraciəti ABŞ Senatının və Nümayəndələr Palatasının bir qrup üzvünün Dövlət kaitbi Antoni Blinkenə müraciətindən sonraya təsadüf edir.
Oktyabrın 3-də ABŞ-ın 58 qanunvericisi Dövlət Katibi Antoni Blinkendən Azərbaycan Prezidenti İlham Əliyevdən gələn ay keçiriləcək COP29 iqlim sammiti ərəfəsində insan hüquqları ilə bağlı təzyiq göstərməyi xahiş edib.
10 senator və 48 konqresmen Blinkeni Azərbaycanın siyasi məhbusları azad etməsi üçün tədbirlər görməsinə "məcbur etməyə" və Ermənistana qarşı “sülh danışıqlarını pozmaq riski yaradan” bəyanatlarını qınamağa çağırıblar.
“Biz Dövlət Departamentini COP29-da uğurlu diplomatiya üçün daha əlverişli şərait yaratmaq üçün bütün siyasi məhbusların, girovların və hərbi əsirlərin, o cümlədən etnik ermənilərin dərhal və qeyd-şərtsiz azad edilməsi üçün təzyiq göstərməyə çağırırıq”, məktubda deyilir.
Öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 4-də Zəngilan rayonunda sakinlərlə görüşündə ABŞ konqresmenlərinin müraciətinə münasibət bildirib.
"Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Səhər mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz. Ancaq bu, nəyi göstərir, bizə qarşı olan düşmənçilik siyasəti dayanmır", o qeyd edib.
Yerli hüquq-müdafiə təşkilatları Azərbaycanda 319 nəfəri siyasi məhbus kimi tanıyıb. Siyasi məhbus kimi tanınan şəxslərin 18 nəfəri jurnalistlər və blogerlər, 3 nəfəri hüquq müdafiəçiləri, 30 nəfəri müxalif partiya və ictimai təşkilatların üzvləridir.
Rəsmi Bakı siyasi məhbus kimi tanınan şəxslərlə bağlı tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların təmin edildiyini bəyan edir.
Erməni rəsmi mənbələri hazırda Azərbaycanda 23 nəfər erməni əsilli insanın həbsdə olduğunu bildirir. Azərbaycan tərəfi həbsdə olan erməni əsilli insanların sayı barədə məlumat vermir. Rəsmi orqanlar Azərbaycanda hərbi əsirlərin olmadığını, həbsdə olan erməni əsilli insanların konkret cinayət əməllərinə görə ittiham edildiyini bildirir.