XTQ hərbiçiləri Prezident Administrasiyasının qarşısında etiraz edib

Your browser doesn’t support HTML5

Oktyabrın 8-də Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) ehtiyatda olan hərbiçiləri Prezident Administrasiyasının qarşısında etiraz ediblər. 2020-ci ildə II Qarabağ müharibəsində iştirak etmiş hərbiçilər müavinətlərini ala bilmədiklərini deyirlər.

Naxçıvandan Bakıya etiraz etmək üçün gələn XTQ hərbiçiləri bildirirlər ki, 2023-cü ilin mart ayına kimi ehtiyata buraxılmış XTQ mənsublarına müavinət verilib. Lakin 2023-cü ilin mart ayından sonra ehtiyata buraxılmış 24 XTQ mənsubu müavinət ala bilmir.

Ehtiyatda olan XTQ mənsubu Kamran İbrahimovun sözlərinə görə, onlar dəfələrlə Müdafiə Nazirliyinə məsələ ilə bağlı şikayət ediblər, Müdafiə Nazirliyindən isə problemin Hüquq və Maliyyə idarəsində olduğunu qeyd ediblər.

"Həm Hüquq, həm də Maliyyə İdarəsindən bizə heç bir problemin olmadığını və pul kompensasiyasının veriləcəyi bildirilib. Biz yenidən baş idarəyə getdik və dedilər ki, "siz əmrdə yoxsunuz". Biz də bildirdik ki, "necə olar ki, bizimlə eyni rütbədə, eyni vəzifədə olan yoldaşlar 2023-cü ilin mart ayına kimi müavinət alıb?". Bizə dedilər ki, "bu, yanlışlıqla olub". Yanlışlıqla olan 1-2 manat deyil, hər hərbi qulluqçuya 36 aylıq əmək haqqı verilir. Naxçıvan qazilərinin 80%-ə müavinət şamil edilib, digər 24 qaziyə pul verilməyib" - deyə, XTQ mənsubu bildirib.

İbrahimov deyir ki, həmin 24 müharibə iştirakçısı digər müavinət alan müharibə iştirakçıları ilə birgə döyüşüblər.

Eyni məsələ ilə bağlı etiraz etməyə gələn ehtiyatda olan XTQ mənsubu Seymur Məmmədov qeyd edib ki, XTQ hərbiçilərinin keçdiyi bütün təlimlərdən keçib:

"Mənə əgər XTQ mənsubu deyildimsə, müavinət düşmürdüsə, niyə hər həftənin 5-ci günü 10-15 km belimdə 40-50 kq yüklə qaçızdırırdılar?".

Aksiyaya polis tərəfindən müdaxilə olmayıb. Daha sonra XTQ mənsubları Prezident Administrasiyasında qəbulda olublar. Hərbiçilərə aidiyyəti qurumlara sorğu göndəriləcəyi və yaxın müddət ərzində cavab veriləcəyi bildirilib. Onlarla oktyabrın 10-da Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində görüş təyin olunub.

Məsələ ilə bağlı Müdafiə Nazirliyindən mövqe almaq mümkün olmayıb.