Bakıda gələn ay keçiriləcək COP29 iqlim sammiti öncəsi ölkələr Azərbaycan hakimiyyətinə vətəndaş cəmiyyətinə təzyiqləri dayandırması, ifadə azadlığına görə həbs edilənləri azad etməli, iştirakçıların, o cümlədən fəalların və jurnalistlərin bu tədbirdə iştirak edə bilməsini təmin etməsi üçün təsir etməlidir.
Bu barədə "Amnesty International" insan haqları təşkilatı oktyabrın 8-də yaydığı hesabatda deyilir.
"Azərbaycan hakimiyyəti iqlim ədaləti üzrə beynəlxalq konfransa ev sahibliyi etdiyi bir vaxtda iqlim fəallığının əsas sütunlarından birinə fəal zərbə vurmaqdadır. Tənqidi ifadənin və etirazların bütün formalarını sıxışdırır, yerli vətəndaş cəmiyyətini sıradan çıxarır. Azərbaycan hakimiyyəti yüzlərlə insanı danışmağa cəsarət etdiyinə görə siyasi ittihamlarla həbsə atıb. Bu siyahıya hökuməti tənqid edən jurnalistlər, fəallar və insan haqları müdafiəçiləri daxildir. Onlar qanunsuz olaraq həbsdə saxlanılır, uyğun proseduralar pozulur, ədalətli məhkəməyə zəmanəti yoxdur", qurumun baş katibi Anyes Kallamar deyib.
Təşkilat COP29-a qatılan nümayəndə heyətlərini Azərbaycan hökumətinə vətəndaş cəmiyyətinə təzyiqləri dayandırması, ifadə, birləşmə və dinc toplaşma azadlıqlarını təmin etməsi üçün təsir göstərməyə çağırır.
"Amnesty İnternational" Azərbaycan inkişafının COP29 əvvəli, tədbir vaxtı və sonra ətraf mühitin fəaliyyəti və insan haqları müdafiəçiləri ilə rəftarını izləyəcəyini bildirir.
Azərbaycan bu hesabata hələ münasibət bildirməyib.
Amma rəsmi Bakı bu cür çağırışları qərəzli hesab edir, cinayət işlərinin siyasi motivli olmadığını bildirir.
Ötən həftə ABŞ Konqresinin 58 üzvü Dövlət katibi Antoni Blinkenə "bütün məhbusların, girovların və hərbi əsirlərin müzakirəsi və qeyd-şərtsiz buraxılması" üçün Azərbaycana təsir etməsi xahişi müraciət edib. Azərbaycan prezidenti İlham Əliyev bu müraciəti "çirkin" adlandırıb, "iradəmizə təsir göstərməyəcək" deyə münasibət bildirib.
Bundan sonra Azərbaycan Milli Məclisinin bir qrup deputatı xarici işlər naziri Ceyhun Bayramova müraciət edərək ABŞ ilə münasibətlərə yenidən baxmağa, müdafiə sahəsində iki sazişə xitam verməyə, USAİD-in Azərbaycanda fəaliyyətini dayandırmağa çağırıb.