Oktyabrın 7-də İsrailin Azərbaycandakı səfirliyi Həmas-ın hücumu nəticəsində qətlə yetirilən insanların xatirəsini yad etmək üçün anım mərasimi təşkil edib.
Səfirliyin məlumatında deyilir ki, 1200 nəfərin həyatına son qoyan və 251 nəfərin oğurlanmasına səbəb olan Həmas-ın İsrailə hücumundan bir il ötür.
“Oktyabrın 7-də baş verən dəhşətli hadisədən bəri 21 girov Həmas terrorçuları tərəfindən vəhşicəsinə qətlə yetirilib. Bu günə olan məlumata görə, Qəzzada hələ də 101 girov saxlanılır, o cümlədən beş yaşlı Ariel Bibas və onun bir yaş yarımlıq qardaşı Kfir Bibas. Oktyabrın 7-də törədilən vəhşilikləri heç vaxt unutmayacağıq. Bu gün biz qətlə yetirilənlərin və əlimizdən alınanların xatirəsini ehtiramla yad etmək üçün toplaşmışdıq. Mesajımız sarsılmaz ümidlərdən biri olaraq qalır: biz bütün girovlarımızı sağ-salamat evə gətirəcəyik və tam qələbə qazanana qədər dincəlməyəcəyik. Biz onları geri gətirəcəyik!” Israil səfirliyi bildirir.
ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına isə deyilir ki, Birləşmiş Ştatlar İsrailin müdafiəsi və yəhudi xalqının təhlükəsizliyini davamlı şəkildə dəstəkləyir.
“Bizim fəal diplomatik səylərimiz həm israillilər, həm də fələstinlilər üçün davamlı sülh və təhlükəsizliyə aparan yol yaratmağa çalışır”, ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi bildirib.