Oktyabrın 4-də Xətai Rayon Məhkəməsi Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Ramil Babayevin həbs müddətini 3 ay uzadıb.
"Toplum TV işi" üzrə həbs olunan Babayev barəsində həbs qətimkan tədbiri 6 yanvar 2025-ci il tarixinə qədər artırılıb. Bu barədə onun vəkili Günay İsmayılova məlumat verib.
Vəkilin sözlərinə görə, Ramil Babayev ittihamları qəbul etmir və məhkəmənin qərarı ilə razı deyil. Babayev barəsində verilmiş qərardan apellyasiya şikayəti veriləcək.
Oktyabrın 3-də isə "Demokratik Təşəbbüslər İnstitutu"nun rəhbəri və "III Respublika Platforması"nın spikeri Akif Qurbanovun, Platformanın qurucu heyət üzvü Ruslan İzzətlinin, "Demokratik Təşəbbüslər İnstitutu"nun əməkdaşları Əli Zeynalovun və İlkin Əmrahovun, "Toplum TV"nin həmtəsisçisi Ələsgər Məmmədlinin və "Toplum TV"nin əməkdaşı, jurnalist Müşfiq Cabbarın həbs müddəti daha 3 ay uzadılıb.
"Toplum TV işi" üzrə nə baş verib?
Martın 6-da hüquq-mühafizə orqanları "Toplum TV", "Demokratik Təşəbbüslər İnstitutu", həmçinin "III Respublika Platforması"nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb. Məlumata görə, iyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb. Lakin "Toplum TV"nin ofisinin qapısı möhürlənib. "Toplum TV"nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkan tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkan tədbiri seçilib) və "Demokratik Təşəbbüslər İnstitutu"nun rəhbəri, həmçinin "III Respublika Platforması"nın spikeri Akif Qurbanova, eləcə də Əli Zeynalova, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Martın 8-də "III Respublika Platforması"nın qurucu heyət üzvü Ruslan İzzətli və "Toplum TV"nin həmtəsisçisi Ələsgər Məmmədli həbs olunub. Xətai Rayon Məhkəməsi onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Hər ikisi də qaçaqmalçılıqda ittiham olunur.
Bu ilin iyul ayında bütün həbs olunanların həbs qətimkan tədbiri daha 3 ay uzadılıb.
Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanılan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.
Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.