Həbsxanada aclıq aksiyası keçirən ictimai fəal, I qrup əlilliyi olan Famil Xəlilov sudan imtina edərək quru aclıq aksiyasına keçib. Bu barədə məlumatı onun həyat yoldaşı Kiçikxanım Xəlilova bildirib.
Fəal "qanunsuz həbsinə" etiraz olaraq avqustun 15-dən aclıq aksiyasına başladığını elan edib. Xəlilov hazırda 53 gündür ki, aclıq aksiyası keçirir.
"Oktyabrın 3-də Famillə görüşdük. Dedi ki, mədəsindəki xəstəliklə bağlı artıq su da içə bilmir. Buna görə oktyabrın 2-dən etibarən Famil quru aclığa keçib. Vəziyyəti ağırlaşıb, hərarəti yüksəkdir. Famil çox zəifləyib", deyə, Kiçikxanım Xəlilova qeyd edib.
Mayın 2-də saxlanılan Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə küllü miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Fəal barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bu maddədə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub. Yaxınları onun təqsirsiz olduğunu, sosial şəbəkələrdəki paylaşımlarına görə cəzalandırıldığını deyirlər.
Fəalın həyat yoldaşı Kiçikxanım Xəlilova bildirir ki, Xəlilov sosial şəbəkələrdə aktiv olduğu, insanların haqqını tələb etdiyi üçün həbs olunub.
Dövlət rəsmiləri isə bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edirlər.