HƏMAS-ın İsrailə hücumunun ildönümü kollektiv travma ilə müşayiət olunur

12 oktyabr, 2023.

Qəzzada münaqişə ikinci ilinə qədəm qoyduğu bir vaxtda, Ümumdünya Səhiyyə Təşkilatı İsrail və regionda mülki vətəndaşların “ağlasığmaz əzablarına” son qoyulmasına, eləcə də sağlamlıq xidmətlərinin qorunmasına və hücumlara məruz qalmamasına çağırır.

ÜST bildirir ki, HƏMAS militantları və başqa silahlı qrupların ötən ilin oktyabrın 7-də İsraildə törətdikləri dəhşətli hücumlar İsrail, Qəzza, İordan çayının qərb sahili və indi də Livanda on minlərlə mülki vətəndaş arasında ölüm və xəsarət, habelə milyonlarla insanın evlərindən didərgin düşməsi ilə nəticələnən hadisələr zəncirinə səbəb olub.

ÜST-ün İsraildə xüsusi nümayəndəsi Dr. Mişel Tieren cümə günü Cenevrədə brifinqdə jurnalistlərə deyib ki, 7 oktyabr qətliamı Birləşmiş Ştatlarda Dünya Ticarət Mərkəzi və Penqatona 11 sentyabr hücumu qədər əhəmiyyətli və ağrılı bir hadisədir.

“On minlərlə insan hələ də dağıntılar altındadır,” o deyib. “Səhiyyə sistemi davamlı hücumlar və ləvazimat, dərman, yanacaq və kadr çatışmazlığı səbəbilə böyük zərər görüb.”

ÜST bildirib ki, Qəzzada sağlamlıq ocaqlarına ən azı 516 hücum olub və onlar 765 nəfərin ölümü ilə nəticələnib. Təşkilat qeyd edir ki, Qəzzada xəstəxanaların yalnız yarısı qismən fəaliyyət göstərir, ilkin tibbi yardım ocaqlarının 43%-i işlək vəziyyətdədir.

O, bir çox səhiyyə sisteminin, o cümlədən Qəzzanın yeganə əzaların bərpası mərkəzi və yeganə psixiatriya xəstəxanasının fəaliyyət göstərmədiklərini bildirib. Onkologiya və MRT xidmətləri, ixtisaslaşdırılmış uşaq cərrahiyyəsi və endokrinologiya xidmətləri kimi başqa mühüm xidmətlər də fəaliyyət göstərmir.

“Ən azı 24n090 insan münaqişə nəticəsində həyatlarını dəyişən xəsarətlərdən əziyyət çəkir və onların reabilitasiya və ya ixtisaslaşdırılmış müalicəyə çıxışları yoxdur,” ÜST-dən Ayadil Saparbekov deyib. “Biz münaqişənin Qəzzada psixi sağlamlığa təsirindən dərindən narahatıq. Orada müharibədən öncə belə artıq 485 min insana psixi pozğunluq diaqnozları qoyulub.”

ÜST həmçinin qeyri-kafi qidalanmanın da başqa böyük problem olduğunu vurğulayır. Təşkilar bildirir ki, yanvar ayından bəri 20 mindən çox uşaq üzərində qidalanma müalicəsi aparılır. Onlardan 4437-i kəskin qidasızlıqdan əziyyət çəkir ki, bu, müalicə olunmadığı halda ölümə səbəb ola bilər.

BMT-nin səhiyyə agentliyi xəbərdarlıq edir ki, yoluxucu xəstəliklər də ictimai sağlamlığa böyük təhlükə yaradır və 2024-cü ilin ilk səkkiz ayında qeydə alınan xəstəliklərin 80 faizindən çoxunu kəskin sulu ishal və kəskin respirator infeksiyalar təşkil edir.

Saparbekov bildirib ki, çirkli su, sanitasiya və gigiyena vəziyyəti, habelə sığınacaqlardakı sıxlıq bu xəstəliklərin əsas səbəbləri arasındadır. “Bu şərtlərin qışda pisləşəcəyi gözlənilir ki, bu da çox güman ki, yoluxma hallarının daha da artmasına gətirib çıxaracaq.”

Onun dediyinə görə, bir müsbət irəliləyiş isə odur ki, poliomelit peyvəndinin ikinci raunduna hazırlıq aparılır və onun 14 oktyabrda başlayıb, 29 oktyabr başa çatacağı gözlənilir.

“Biz İsrail rəsmilərinə bu tarixləri təqdim etmişik və bazar günü onların təsdiqlənib-təsdiqlənməyəcəyini öyrənmək üçün görüş keçirəcəyik. Biz 0-10 yaş arası 500 mindən çox uşağa yeni ağız yolu ilə tətbiq edilən poliomelit vaksininin vurulacağını təxmin edirik. Poliomelit vaksinindən əlavə, uşaqlara həmçinin immun sistemlərini gücləndirmək üçün A vitamini dozası veriləcək,” o deyib.

ÜST rəsmiləri xəbərdarlıq edir ki, İsrailin təkrarlanan evakuasiya əmrləri və davamlı döyüşlər Qəzzada humanitar əməliyyatları pozmağa davam edir. HƏMAS-ın İsrailə terror hücumunun ilk ildönümü yaxınlaşdığı bir vaxtda, onlar çarəsizlik dərəcəsində ehtiyacı olan çox sayda insana kömək etmək üçün “münaqişənin effektiv şəkildə aradan qaldırılmasına və sağlamlıq xidmətlərinin qorunmasına, səhiyyə müəssisələrinə təhlükəsiz çıxışa və Qəzzaya davamlı yardım axınına” çağırış edirlər.