Oktyabrın 2-də Azərbaycanda səfərdə olan Ukraynanın İrpin şəhərinin meri Oleksandr Markuşin və Azərbaycan Prezidentinin köməkçisi Hikmet Hacıyevin görüşündə İrpin şəhərinin yenidənqurma layihələrinin maliyyələşdirilməsi məsələləri diqqət mərkəzində olub.
Oleksandr Markuşin X Platformasında bildirib ki, görüşdə İrpin şəhərinin 4 yenidənqurma layihəsinin Azərbaycan hökuməti tərəfindən maliyyələşdiriləcəyi müzakirə edilib.
“Bərpa üçün bir neçə mədəniyyət, idman və yaşayış sektorunun obyektləri seçilib. Maliyyələşmənin əldə edilməsi mexanizmi, ölkələrimiz arasında hökumətlərarası saziş, vergitutma ilə bağlı fikir mübadiləsi aparıldı. Ukraynanın Nazirlər Kabineti, hər iki tərəfin səfirlikləri layihələndirmə və texniki-diplomatik məsələlərə məsuldur. Amma əsas odur ki, Ukrayna və İrpin şəhərinə Azərbaycandan olan dostlarımız və tərəfdaşlarımızdan hərtərəfli dəstək var”, o qeyd edib.
Bununla yanaşı maliyyələşmənin miqdarı barədə məlumat verilməyib.
Xatırladaq ki, İrpin şəhərinin merinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın azad olunmuş ərazilərinə də səfər edib. Sentyabrın 30-da Azərbyacanın Laçın şəhəri ilə Ukraynanın İrpin şəhərlərinin qardaşlaması haqqında memorandum imzalanıb. Memorandumu Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov və Laçına səfər edən İrpin şəhərinin meri Oleksandr Markuşin imzalayıb.