Putin müharibəyə cəlb edilmiş müttəhimlərin azad edilməsini qanuniləşdirib

Rusiya prezidenti Vladimir Putin çərşənbə günü təqsirləndirilən şəxslərin hərbi xidmət üçün müqavilə bağladıqları və ya səfərbər olduqları təqdirdə cinayət məsuliyyətindən azad edilməsinə imkan verən qanunu imzalayıb. Qanun layihəsi sentyabrda Dövlət Duması tərəfindən təsdiq edilib.

Hərbi xidmət müddətində cinayət işi üzrə icraat dayandırılacaq və həbs qətimkan tədbiri ləğv ediləcək. Səfərbərlik zamanı, hərbi vəziyyət dövründə və ya müharibə dövründə hərbi xidmət zamanı cinayət törətmiş şəxslərə münasibətdə də icraatın dayandırılması mümkündür.

Təqsirləndirilən şəxslər dövlət təltifinə layiq görüldükdən və ya hərbi xidmətdən xaric edildikdən sonra (yaşına, səhhətinə, səfərbərlik müddətinin başa çatmasına, hərbi vəziyyətin ləğvinə və ya müharibə dövrünün başa çatmasına görə) cinayət məsuliyyətindən tam azad oluna biləcəklər.

Əvvəllər Rusiya qanunvericiliyi təqsirləndirilən şəxslərin işi məhkəməyə çıxarıldığı təqdirdə onlarla hərbi müqavilə bağlamağa icazə vermirdi. Müqavilə bağlayaraq, müharibəyə getməklə məsuliyyətdən azad olmaq imkanı istintaqda olan, lakin işi hələ məhkəməyə verilməyən, yaxud artıq məhkum olunmuş şəxslərdə olub.

Vaqner qrupunun yaradıcısı Yevgeni Priqojin 2022-ci ildə Ukraynadakı müharibədə iştirak etmək üçün məhbusları cəlb edən ilk şəxs olub. Sonradan Rusiya Müdafiə Nazirliyi məhbusları cəlb etməyi birbaşa öz üzərinə götürüb və bu, qanuniləşdirilib.